Azərbaycan Karate Federasiyasının “Kyokuşin (KAI) Senşi Karate” üslubu üzrə milli komandası iyulun 7-11-də Bolqarıstanın Varna şəhərində keçiriləcək beynəlxalq yarışlarda iştirak edəcək.
İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Karate Federasiyası məlumat yayıb.
Bildirilib ki, AKF-in baş katibi Qabil Sayadovun rəhbərlik edəcəyi milli komanda yarışlarda ümumilikdə 13 nəfərlə - nümayəndə heyəti, məşqçilər və idmançılarla təmsil olunacaq.
Azərbaycan təmsilçiləri iyulun 7-də keçiriləcək “World Cup Varna” Kyokuşin (KAI) karate üzrə Dünya Kuboku, iyulun 8-10-da təşkil olunacaq SENŞİ Həvəskar Liqa yarışları, eləcə də iyulun 11-də baş tutacaq SENŞİ Peşəkar Qala Gecəsində qüvvələrini sınayacaqlar.
Qeyd edək ki, milli komandanın əsas məqsədi ölkəmizi beynəlxalq arenada layiqincə təmsil etmək, yüksək nəticələr qazanmaq və Kyokuşin karate üzrə beynəlxalq əməkdaşlığın inkişafına töhfə verməkdir.
