Rüstəm Alimli: “Ənənəmizi qoruduq, bu, Azərbaycan cüdosunun gələcəyindən xəbər verir”

Müsahibə
23 Oktyabr 2023 09:18
193
Rüstəm Alimli: “Ənənəmizi qoruduq, bu, Azərbaycan cüdosunun gələcəyindən xəbər verir”

“Keçən il iştirak etdiyimiz bütün Avropa kuboku yarışlarında komanda hesabında 1-ci olmuşduq. Bu il də ənənəmizi qoruduq. Bu, Azərbaycan cüdosunun inkişafından və gələcəyindən xəbər verir”.

Bunu İdman.biz saytına Riqada yeniyetmə cüdoçular arasında Avropa Kubokunda komanda hesabında 1-ci olan Azərbaycanın yeniyetmələrdən ibarət milli komandasının baş məşqçisi Rüstəm Alimli deyib.

Təcrübəli mütəxəssis yetirmələrinin çıxışını çox yüksək dəyərləndirib. O, bəzi çəkilərdə qazanılan nəticələrin onu təəccübləndirdiyini gizlətməyib: “Mənim üçün ən gözlənilməz +90 kq çəki dərəcəsində 2 idmançımızın finalda bir-birilərinə rəqib olması oldu. Bizdə bundan əvvəl son Avropa çempionatının lideri Ramazan Əhmədov bu çəkinin lideri idi. İndi o gənclərdə çıxış edir. Artıq bu çəkidə 2 idmançımız - Sübhan Axundov və Rəsul Səmədli həlledici görüşə yüksəldi. Əvvəl ağır çəkidə idmançılarımız çox az idi. Artıq aşağı çəkilərdə deyil, ağır çəkilərdə də perspektivli cüdoçularıçmız var. Bu bizi çox sevindirir. Məqsədimiz gələn il Avropa çempionatında da qalib olmaqdır”.

Alimli bildirib ki, bu yarış gələcəkdə keçiriləcək Avropa çempionatına seçim xarakterli turnir olacaq: “Son Avropa və dünya çempionatında çox yaxşı çıxış etdik. Bu artıq yeni heyətimizdir və yığmada nəsil dəyişikliyi baş verib. Adətən beynəlxalq yarışlara Azərbaycan çempionatında nəticə qazanan cüdoçuları aparırdıq. Amma bu il Azərbaycan çempionatının yanvarda olacağı üçün ötən il perspektiv vəd edən və yaşı düşən idmançıları sınadıq. Burda yer tutanları artıq Avropa çempionatında görürəm. Amma hələ hazırlığımız və Azərbaycan çempionatı irəlidədir. Yeniyetmələrdə ölkə daxilində çox böyük rəqabət var”.

Qeyd edək ki, Azərbaycan yığması Avropa kubokunda 4 qızıl, 3 gümüş və 5 bürünc medalla komanda hesabında birinci yeri tutub.

Emin Ağa

İdman.biz