Yeniyetmə cüdoçularımız Avropa çempionatında 5 medal qazanıblar - YENİLƏNİR + FOTO

29 İyun 2026 22:04
1 170
Yeniyetmə cüdoçularımız Avropa çempionatında 5 medal qazanıblar

İspaniyanın Las-Palmas-de-Qran-Kanariya şəhərində keçirilən cüdo üzrə yeniyetmələr arasında Avropa çempionatının ilk yarış günü millimiz üçün uğurlu alınıb.

İbrahim Talıbov (-55 kq) bürünc medal uğrunda görüşdə Ukrayna təmsilçisi Vitali Lixohlyada qalib gələrək fəxri kürsünün üçüncü pilləsinə qalxıb.

Günün son medalını Könül Eyvazlı (-48 kq) qazanıb. Cüdoçumuz üçüncü yer uğrunda qarşılaşmada italiyalı Aurora Montalbanodan üstün olaraq Avropa çempionatının bürünc medalına sahib çıxıb.

Daha əvvəl Zəhra Quliyeva (40 kq) və Nihad Ağayev (50 kq) qızıl, Fərid Rzazadı (50 kq) isə gümüş medal qazanmışdılar.

Beləliklə, ilk gündə cüdoçularımız 2 qızıl, 1 gümüş və 2 bürünc medal qazanıblar.

Qeyd edək ki, yarış iyulun 2-dək davam edəcək. Azərbaycan millisi növbəti yarış günlərində müxtəlif çəki dərəcələrində və qarışıq komanda yarışında mübarizəsini davam etdirəcək.

20:17

İspaniyanın Las-Palmas-de-Qran-Kanariya şəhərində yeniyetmələr arasında cüdo üzrə Avropa çempionatı keçirilir.

İdman.Biz bildirir ki, cüdoçumuz Zəhra Quliyeva (40 kq) Avropa çempionu olub.

Cüdoçumuz finalda macarıstanlı Nora Pirbus-Qrofa tam üstünlüklə qalib gələrək İspaniyada keçirilən qitə birinciliyinin qızıl medalına sahib çıxıb.

50 kq çəki dərəcəsi isə Azərbaycan finalı ilə yadda qalıb. Nihad Ağayev qızıl, Fərid Rzazadə isə gümüş medala yiyələnib.

10:28

Bu gün İspaniyanın Las-Palmas-de-Qran-Kanariya şəhərində yeniyetmələr arasında cüdo üzrə Avropa çempionatına start veriləcək.

İdman.Biz xəbər verir ki, yarışın ilk günündə Azərbaycan millisi altı çəki dərəcəsində 10 idmançı ilə mübarizəyə qoşulacaq.

Oğlanların yarışında 50 kq çəki dərəcəsində mübarizəyə 1/8 finaldan başlayacaq Nihad Ağayev ilk görüşündə Macarıstan təmsilçisi Levente Naqi ilə üz-üzə gələcək.

Qələbə qazanacağı təqdirdə o, Almaniyadan Aaron Coşua Kellerlə Macarıstan idmançısı arasında keçiriləcək qarşılaşmanın qalibi ilə görüşəcək. Eyni çəkidə Fərid Rzazadə isə Ermənistan təmsilçisi Armen Matevosyanla qarşılaşacaq. O, növbəti mərhələyə yüksələrsə, Yunanıstandan Dimitrios Qulosla duelinin qalibi ilə üz-üzə gələcək.

55 kq çəki dərəcəsində Rza Xəlilli mübarizəyə 1/16 finaldan başlayacaq və Rumıniya cüdoçusu Nikita Qutu ilə qarşılaşacaq. Həmin çəkidə 1/8 finaldan çıxış edəcək İbrahim Talıbov isə Fransa təmsilçisi Noham Benkrouidemlə Bolqarıstan idmançısı Aleksandar Vuşev arasında keçiriləcək görüşün qalibi ilə tatamiyə çıxacaq.

60 kq çəki dərəcəsində Mehman Əsgərov ilk mərhələdə Ermənistan təmsilçisi Narek Nahapetyanla İsveç cüdoçusu Adam Kostoyev arasındakı qarşılaşmanın qalibi ilə üz-üzə gələcək.

Qızların yarışında 40 kq çəki dərəcəsində Zəhra Quliyeva 1/8 finalda İsrail təmsilçisi Aviqayil Qat Mualemlə qarşılaşacaq. Sunay Salamova isə eyni mərhələdə İspaniya cüdoçusu Kandela Kosta Kabana ilə mübarizə aparacaq.

44 kq çəki dərəcəsində Pərvin Sevxanlı 1/16 finalda Serbiya təmsilçisi Yelena Tanaçkovla, Fatimə Abdullayeva isə Slovakiya idmançısı Silvia Kilaçkova ilə üz-üzə gələcək.

48 kq çəki dərəcəsində isə Könül Eyvazlı yarışa 1/8 finaldan başlayacaq. Azərbaycan cüdoçusunun rəqibi Avstriyadan Jasmina Mantayeva ilə Almaniya təmsilçisi Mia Mari Beermann arasında keçiriləcək qarşılaşmanın qalibi olacaq.

İdman.Biz