Azərbaycan cüdo millisinin üzvləri Qazaxıstanın Almatı vilayətində təşkil olunan beynəlxalq təlim-məşq toplanışında iştirak edirlər.
İdman.Biz xəbər verir ki, avqustun 5-də Olimpiya Hazırlığı Bazasında start götürən hazırlıq prosesinə dünyanın 30 ölkəsindən 700-dən çox cüdoçu qatılıb.
Toplanış çərçivəsində Azərbaycan yığmasının üzvləri fiziki və texniki hazırlıq üzərində çalışır, eyni zamanda müxtəlif ölkələrin cüdoçuları ilə randori sessiyalarında iştirak edirlər. Bu məşqlər idmançıların həm döyüş tempini artırmasına, həm də fərqli üslublara malik rəqiblərlə praktik təcrübə toplamasına imkan yaradır.
Hazırlıq prosesi qarşıdakı beynəlxalq turnirlərə hesablanıb. Yığma üzvlərinin toplanış zamanı əldə edəcəyi məşq və sparrinq təcrübəsinin növbəti yarışlar öncəsi hazırlıq baxımından mühüm rol oynayacağı gözlənilir.
Qeyd edək ki, beynəlxalq təlim-məşq toplanışı avqustun 15-dək davam edəcək.
