Azərbaycan millisinin baş məşqçisi: “Olimpiya çempionu yetişdirmək mənim üçün böyük uğurdur”

1 Noyabr 2026 22:53
92
Azərbaycan millisinin baş məşqçisi: “Olimpiya çempionu yetişdirmək mənim üçün böyük uğurdur”

Azərbaycanın yeniyetmə oğlanlardan ibarət cüdo millisinin baş məşqçisi Emin İskəndərov İbrahim Talıbovun Dakar-2026 Yeniyetmələrin Dördüncü Yay Olimpiya Oyunlarında qazandığı qızıl medalı məşqçilik karyerasının ən böyük uğurlarından biri kimi qiymətləndirib.

İdman.Biz xəbər verir ki, mütəxəssis 55 kq çəki dərəcəsində Olimpiya çempionu olan idmançısının uğurunun onun üçün xüsusi əhəmiyyət daşıdığını bildirib.

“İbrahim Talıbovun yeniyetmələrin Olimpiya çempionu olması mənim üçün həm böyük sevinc, həm də məşqçilik fəaliyyətimdə xüsusi zirvədir. 2018-ci ildə Vüqar Talıbovla məşqçi kimi çalışırdım və o, Buenos-Ayresdə yeniyetmələrin Olimpiya çempionu oldu. Səkkiz ildən sonra isə artıq baş məşqçi kimi özüm idmançı hazırlayıb Olimpiadaya gətirdim. Olimpiya çempionu yetişdirmək mənim üçün böyük uğurdur”, - deyə İskəndərov bildirib.

Baş məşqçi Dakar-2026-nın yüksək səviyyədə təşkil olunduğunu vurğulayıb və yarışın xüsusi ab-havasından danışıb.

O, Talıbovun finala gedən yolda qarşılaşdığı rəqiblərin güclü olduğunu, lakin azərbaycanlı cüdoçunun onların öhdəsindən gəlmək potensialına malik olduğunu qeyd edib.

“Rəqiblər zəif deyildi, amma İbrahim onların öhdəsindən gələ biləcək gücdə idi. Bununla belə, Olimpiya Oyunlarının öz həyəcanı, ab-havası və məsuliyyəti var. İbrahim də müəyyən qədər həyəcanlı idi. Şükürlər olsun ki, onu bu vəziyyətdən çıxara bildim”, - deyə mütəxəssis bildirib.

İskəndərov yarışdan əvvəl idmançısı ilə aralarında olan söhbəti də açıqlayıb:

“İbrahim mənə verdiyi sözü tutdu və yeniyetmələrin Olimpiya çempionu oldu. O, yarışdan əvvəl mənə demişdi ki, “Mən sözümü doğruldacağam və sizi iki Olimpiya çempionu yetişdirmiş məşqçi kimi tanıtdıracağam”. Sağ olsun, verdiyi sözə əməl etdi”.

Qeyd edək ki, İbrahim Talıbov Dakar-2026-nın finalında xorvatiyalı Zvorc Jonaya qalib gələrək Azərbaycan komandasına yarışın ilk qızıl medalını qazandırıb. Ölkəmiz Yeniyetmələrin Dördüncü Yay Olimpiya Oyunlarında səkkiz idman növü üzrə 13 idmançı ilə təmsil olunur.

İdman.Biz