Dünya çempionatı öncəsi yeniyetmə cüdoçularla görüş keçirilib - FOTO

12 Avqust 2026 16:02
139
Dünya çempionatı öncəsi yeniyetmə cüdoçularla görüş keçirilib

Cüdo üzrə yeniyetmələr arasında dünya çempionatında iştirak edəcək Azərbaycan milli komandasının üzvləri ilə görüş keçirilib.

İdman.Biz xəbər verir ki, görüşdə Azərbaycan Cüdo Federasiyasının icraçı vitse-prezidenti Rəşad Rəsullu, federasiya prezidentinin müşaviri Natiq Bağırov, eləcə də yığmanın məşqçi heyəti iştirak edib.

Federasiya rəhbərliyi idmançılara göstərilən etimadı ifadə edərək, onların dünya çempionatında uğurlu çıxış edəcəklərinə inamını bildirib. Cüdoçulara qarşıdakı yarışla bağlı tövsiyələr verilib, tatamidə əzmkarlıq və məsuliyyət nümayiş etdirmələrinin vacibliyi vurğulanıb.

Qeyd edək ki, cüdo üzrə yeniyetmələr arasında dünya çempionatı 20-23 avqust tarixlərində Ekvadorun Quayakil şəhərində keçiriləcək.

Azərbaycan mötəbər yarışda doqquz çəki dərəcəsində 14 cüdoçu ilə təmsil olunacaq. Onlardan 10-u oğlan, dördü isə qızdır.

İdman.Biz