İtaliyanın Neapol şəhərində cüdo üzrə U-23 Avropa çempionatına start veriləcək. Yarışın ilk günündə Azərbaycanın altı idmançısı üç çəki dərəcəsində tatamiyə çıxacaq.
İdman.Biz xəbər verir ki, 60 kq çəki dərəcəsində Murad Muradlı 1/8 finalda ispaniyalı Unay Penyas Merino ilə qarşılaşacaq. Babarəhim Mirzəyevin rəqibi isə italiyalı Mario Tinelli - fransalı Yan Motoli Bonqambe cütünün qalibi olacaq.
66 kq-da Nizami İmranov 1/8 finalda italiyalı Alessio De Luka ilə üz-üzə gələcək. İslam Rəhimov isə bu mərhələdə xorvatiyalı Kristian Butuçi - yunanıstanlı Adam Anastasopulos cütünün qalibi ilə görüşəcək.
73 kq çəki dərəcəsində Əbil Yusubov və Mehdi Cəfərov 1/16 finaldan mübarizəyə qoşulacaqlar. Əbil Yusubov xorvatiyalı Luka Katiç, Mehdi Cəfərov isə moldovalı Vlad Mitru ilə qarşılaşacaq.
Qeyd edək ki, təsnifat mərhələsi saat 13:00-da, final bloku isə saat 19:00-da başlayacaq.
