Azərbaycan cüdoçularının U-23 Avropa çempionatındakı ilk rəqibləri müəyyənləşdi - FOTO

29 Oktyabr 2026 22:56
64
Azərbaycan cüdoçularının U-23 Avropa çempionatındakı ilk rəqibləri müəyyənləşdi

İtaliyanın Neapol şəhərində keçiriləcək cüdo üzrə U-23 Avropa çempionatında Azərbaycan millisinin üzvlərinin ilk rəqibləri müəyyənləşib.

İdman.Biz xəbər verir ki, oktyabrın 29-da təşkil olunan püşkatma mərasimindən sonra təmsilçilərimizin turnirə hansı qarşılaşmalarla başlayacaqları bəlli olub.

Oktyabrın 30-dan noyabrın 1-dək davam edəcək qitə birinciliyində Azərbaycan altı çəki dərəcəsində doqquz kişi cüdoçu ilə təmsil olunacaq. Yarışda ümumilikdə 36 ölkədən 275 idmançı - 155 kişi və 120 qadın medallar uğrunda mübarizə aparacaq.

60 kq çəki dərəcəsində Murad Muradlı 1/8 finalda ispaniyalı Unay Penyas Merino ilə qarşılaşacaq. Babarəhim Mirzəyev isə italiyalı Mario Tinelli və fransalı Yan Motoli Bonqambe arasındakı görüşün qalibi ilə üz-üzə gələcək.

66 kq-da Nizami İmranovun 1/8 finaldakı rəqibi İtaliya təmsilçisi Alessio De Luka olacaq. İslam Rəhimov isə xorvatiyalı Kristian Butuçi ilə yunanıstanlı Adam Anastasopulos cütünün qalibini gözləyəcək.

73 kq çəki dərəcəsində mübarizəyə 1/16 finaldan başlayacaq Əbil Yusubov xorvatiyalı Luka Katiçlə, Mehdi Cəfərov isə moldovalı Vlad Mitru ilə görüşəcək.

90 kq-da Əli Qazıməmmədov 1/16 finalda ukraynalı Mixaylo Xoroşaylovla üz-üzə gələcək.

100 kq çəki dərəcəsində Əjdər Bağırov 1/8 finalda Ukrayna təmsilçisi İvan Kutenkovla qarşılaşacaq.

100 kq-dan yuxarı çəkidə isə Kənan Nəsibov 1/8 finalda xorvatiyalı Luka İvankoviçlə mübarizə aparacaq.

Qeyd edək ki, çempionatın ilk yarış günündə təsnifat mərhələsi Bakı vaxtı ilə saat 13:00-da, final bloku isə saat 19:00-da başlayacaq. Görüşlər “Judo TV” vasitəsilə canlı yayımlanacaq.

İdman.Biz