“62 ildir eyni çəkidəyəm” - Olimpiya çempionları yetişdirən məşqçinin İDMAN.BİZ-ə MÜSAHİBƏSİ

29 Oktyabr 2026 16:19
111
“62 ildir eyni çəkidəyəm” - Olimpiya çempionları yetişdirən məşqçinin İDMAN.BİZ-ə MÜSAHİBƏSİ

Beynəlxalq Cüdo Federasiyası (IJF) hər il oktyabrın 28-ni “Dünya Cüdo Günü” kimi qeyd edir. Azərbaycanın bu idman növündə zəngin ənənələrini nəzərə alaraq, tanınmış mütəxəssislərimizdən biri ilə müsahibə hazırlamaq qərarına gəldik. Ömrünü Azərbaycan cüdosunun inkişafına həsr etmiş əməkdar məşqçi Tərlan Həsənov müsahibə üçün müraciətimizi müsbət cavablandırdı.

Beləliklə, İdman.Biz-in müsahibi Nazim Hüseynov, Elnur Məmmədli, Hidayət Heydərov kimi məşhur cüdoçuları yetişdirmiş, Azərbaycan cüdosunun inkişafındakı xidmətlərinə görə Prezident İlham Əliyevin sərəncamı ilə “Şöhrət” ordeninə layiq görülmüş Əməkdar məşqçi Tərlan Həsənovdur.

- Tərlan müəllim, oktyabrın 28-i bütün dünyada Dünya Cüdo Günü kimi qeyd olunur. Cüdonun inkişafında böyük xidmətləri olan mütəxəssis kimi sizi təbrik edirik! Bu münasibətlə Azərbaycan Cüdo Federasiyasından və ya Beynəlxalq Cüdo Federasiyasından təbrik aldınızmı?

- İlk növbədə, qısa məlumat verim ki, Dünya Cüdo Günü cüdonun banisi hesab edilən yaponiyalı Ciqoro Kanonun doğum gününə təsadüf edir. Hazırda dünyada 200-ə yaxın milli cüdo federasiyası fəaliyyət göstərir. Ona görə də, Dünya Cüdo Günü hamımız üçün əlamətdar tarixdir.

Əlbəttə, tələbələrimdən təbriklər aldım. Daha sonra Azərbaycan Cüdo Federasiyasına yollandım və orada telekanallardan birinə müsahibə verdim. Federasiyanın icraçı vitse-prezidenti Rəşad Rəsullu da məni şəxsən təbrik etdi.

Fürsətdən istifadə edərək bir məsələni də qeyd etmək istəyirəm. Təxminən iki aydır məşq keçdiyim cüdo zalı ilə bağlı problem yaşayırıq və oradan çıxmağa məcbur olmuşuq. Nəticədə 100-ə yaxın uşaq zalsız qalıb. Rəşad Rəsullu söz verdi ki, zal problemimiz tezliklə həllini tapacaq. Mənim üçün bundan böyük təbrik nə ola bilər ki?!

- 83 yaşınızın olmasına baxmayaraq, məşqçi kimi fəaliyyətinizi fəal şəkildə davam etdirirsiniz. Gündəlik rejiminiz və işdən sonrakı məşğuliyyətləriniz barədə danışmağınızı istərdik.

- Mən həyat tərzimə, qidalanmama, yuxu rejimimə və digər məsələlərə diqqət yetirən insanam. Hər gün səhər saat 7-də oyanıram, yüngül idman hərəkətləri edirəm. Səhər yeməyindən sonra məşqə yollanıram.

Çəkimə də diqqət edirəm. İnsanın sağlamlığı onun çəkisi ilə sıx bağlıdır. Mən 1964-cü ildə hərbi xidmətdən qayıtmışam. Təsəvvür edin, üstündən bu qədər il keçməsinə baxmayaraq, həmin dövrdəki çəkimi qoruyub saxlayıram.

Asudə vaxtlarımda mütaliə edirəm. İxtisasca tarixçiyəm, Bakı Dövlət Universitetinin Tarix fakültəsini bitirmişəm. Hər gün azı 45 dəqiqəmi kitab oxumağa ayırıram.

- Nazim Hüseynov, Elnur Məmmədli, Hidayət Heydərov kimi tanınmış cüdoçuların sizin yetirmələriniz olması da maraqlı məqamdır. Bu uğurların arxasında hansı məşqçilik prinsipləri dayanır?

- Mən 100-dən çox məşqçi-müəllim yetişdirmişəm. Onların təxminən 20-si Əməkdar məşqçi adına layiq görülüb.

Müəllim təkcə məşq zalında deyil, zalın xaricində də uşağın həyat tərzinə, qidalanmasına və dərslərinə diqqət yetirməlidir. Məşq proqramının düzgün qurulması da çox vacibdir.

Elə idmançılar var ki, həftədə üç dəfə məşq edirlər. Peşəkar idman yolunu seçənlər isə həftədə 12 dəfə, yəni gündə iki dəfə məşq etməlidirlər. Azərbaycanda bu məşq sistemini mən tətbiq etmişəm. Nazim Hüseynov, Hidayət Heydərov və digər idmançılarımız məhz bu sistemlə çalışaraq beynəlxalq səviyyədə böyük uğurlar qazanıblar. Həftədə üç dəfə, həvəskar səviyyədə məşq etməklə yüksək idman nailiyyətləri əldə etmək isə çox çətindir.

- İndiki yeniyetmələr asudə vaxtlarının böyük hissəsini telefonla keçirirlər. Onların dünyagörüşü və həyata baxışı da əvvəlki nəsillərdən fərqlənir. Daha az zəhmət çəkərək tez uğur qazanmağa can atmaları sizi narahat edirmi?

- Xüsusilə yeniyetmələrin idmanla məşğul olması vacibdir. Gənc insanın formalaşmasında idmanın böyük rolu var. Mən çalışıram ki, uşaqlarda idmana sevgi, müəllimlərinə isə hörmət və bağlılıq yaransın. Yalnız bundan sonra məşqçi onlardan daha çox şey tələb edə bilər.

İdmançı məşğul olduğu idman növünü sevməli, onu dərindən başa düşməli, təhsilin də idman qədər vacib olduğunu anlamalıdır. Mənim üçün birinci yerdə təhsil, ikinci yerdə isə idmandır. Çünki idman insanın tərbiyəsində mühüm rol oynayır, böyük idman karyerası isə başqa məsələdir.

Gənc 16-17 yaşından sonra da idmana ürəkdən bağlansa, müəlliminə inansa və onun sözünə qulaq assa, düzgün yoldan çıxmaq ehtimalı azalır. Küçə mühitinin təsirinə düşməz, pis vərdişlərə aludə olmaz. Əsas məsələ tərbiyədir və burada müəllimin rolu böyükdür.

Mən indiki gənclərdə də bunu görürəm. Əvvəllər də küçə mühitinin təsirinə düşən uşaqlar olub. Ancaq valideynlərin övladlarını yanıma gətirməsi və mənim onlara təsirim çox şeyi dəyişir. Ona görə də valideyn ilk növbədə övladını hansı müəllimin yanına gətirdiyini anlamalıdır. Müəllim də öz davranışı ilə nümunə olmalı, uşaqlara təkcə məşqçi kimi deyil, həm də tərbiyəçi kimi yanaşmalıdır. Çünki məşqçi-müəllim olmaq çox çətin və məsuliyyətli işdir.

- Bakıda keçirilən son cüdo üzrə dünya çempionatında Azərbaycan idmançılarının çıxışını necə qiymətləndirirsiniz?

- İlk növbədə qeyd etməliyəm ki, cüdo üzrə dünya çempionatı tarixdə ikinci dəfə Bakıda keçirildi. İlk dəfə 2018-ci ildə təşkil olunan mundial kimi, budəfəki yarış da yüksək səviyyədə baş tutdu. Mən indiyədək çoxlu dünya və Avropa çempionatlarında iştirak etmişəm. Deyə bilərəm ki, yarışın təşkili, bağlanış mərasimi və ümumilikdə bütün detallar yüksək səviyyədə idi.

Azərbaycan cüdoçularının dünya çempionatında yeddi medal qazanması ölkəmizin idman tarixində çox böyük hadisədir. Hətta medal sayımız 10-a çata bilərdi. İnanın, iki-üç qızıl medal da qazana bilərdik. Ancaq bəzi görüşlərdə hakim qərarları ilə bağlı suallar yarandı.

Hidayət Heydərovun qarşılaşmasında onun əleyhinə qərarlar verildiyini düşünürəm. Digər görüşlərdə də hakim qərarlarının nəticəyə təsiri barədə suallar yarandı. Məncə, idmançılarımız daha yaxşı nəticələr göstərə bilərdilər.

Hesab edirəm ki, bu məsələdə Azərbaycan Cüdo Federasiyasının Beynəlxalq Cüdo Federasiyasının müvafiq komissiyalarında təmsilçiliyi də əhəmiyyətlidir.

Bununla belə, qazanılan yeddi medalın başqa bir mühüm tərəfi də var. Medalçılarımız arasında böyüklər arasında dünya çempionatında ilk dəfə mükafat qazanan gənc idmançılar da var idi. Məsələn, Ömər Rəcəbli 81 kq çəki dərəcəsində bürünc medal qazandı. Murad Fətiyev də mənim yetirməmdir və dünya çempionatında ilk dəfə fəxri kürsüyə yüksəldi. Kənan Nəsibov da mənim və komandamızda çalışan digər məşqçilərin yetirməsidir.

Biz məşqçilər tək işləməməliyik. İdmançının inkişafı üçün bir neçə mütəxəssisin birgə çalışması vacibdir. Məsələn, Hidayət Heydərovun hazırlığını davam etdirmək üçün onu Elnur Məmmədliyə həvalə etmişəm. Hazırda Elnur onun hazırlığını izləyir və üzərində işləyir.

Məşqçilərimiz başa düşməlidirlər ki, idmançını inkişaf etdirmək və onu itirməmək üçün müəyyən mərhələlərdə başqa mütəxəssislərin də dəstəyinə ehtiyac var. Mən bu məsələni həm Gənclər və İdman Nazirliyinin, həm də federasiyanın qarşısında qaldırmışam. Hamımız əlaqəli şəkildə işləməliyik.

Çünki illər ərzində çoxlu istedadlı idmançını itirmişik. Bəziləri gənclik dövründən sonra idmanı tərk edib, başqa istiqamətlərə yönəlib. Halbuki düzgün yanaşma ilə onların idman karyeralarını davam etdirmələrinə kömək etmək olardı.

- Tərlan müəllim, Əhməd Yusifovun dünya çempionatındakı qələbəsi sizin üçün gözlənilməz oldu?

- Xeyr, mənim üçün gözlənilməz olmadı. Çünki 60 kq çəki dərəcəsində Azərbaycanın güclü ənənələri var. Düzdür, bu çəkidə əvvəllər dünya çempionumuz olmayıb, amma dünya çempionluğuna çox yaxınlaşan, bu səviyyədə mübarizə aparan idmançılarımız az olmayıb.

Məsələn, Nazim Hüseynov 1993-cü ildə Kanadada keçirilən dünya çempionatında uğurlu çıxış etmişdi. Həmin yarışda onunla bağlı ədalətsiz qərarlar verildiyini düşünürəm. Nazim Hüseynov da o vaxt 60 kq çəki dərəcəsində çıxış edirdi.

Natiq Bağırov da bu çəkidə güclü idmançılarımızdan olub. Azərbaycanda rəqabət çox yüksək olduğundan o, Belarusiyaya köçüb və orada çıxış edərək dünya çempionatının mükafatçısı olub.

Mənim yetirməm olan Ulduz Sultanov da çox güclü cüdoçu idi. Təəssüf ki, o, artıq həyatda yoxdur. Ulduz Nazim Hüseynovla ciddi rəqabət aparırdı. Həmin dövrdə bir ölkədən hər çəki dərəcəsində yalnız bir idmançı Olimpiya Oyunlarına və dünya çempionatına göndərilirdi. Ulduz dəfələrlə Avropa çempionatlarının mükafatçısı olsa da, güclü rəqabət səbəbindən beynəlxalq yarışlarda iştirak etmək imkanları məhdudlaşırdı.

Elşin İsmayılov da həmin nəslin güclü cüdoçularından idi. O, mənim şəxsi yetirməm olub və 1991-ci ildə SSRİ Spartakiadasında qızıl medal qazanıb. Elşin də Nazim Hüseynov və Ulduz Sultanovla eyni çəkidə ciddi rəqabət aparırdı. Hazırda isə yığma komandamızın məşqçilərindən biridir.

Həmin dövrdə 60 kq çəki dərəcəsində Eldar Müşkiyev və başqa perspektivli cüdoçularımız da olub. Sonrakı illərdə Orxan Səfərov, Balabəy Ağayev, Vüqar Şirinli və Sərxan Əhmədov kimi idmançılarımız bu ənənəni davam etdiriblər. Balabəy Ağayev iki dəfə Paris Qran-Prisinin qalibi olub.

Bir sözlə, 60 kq çəki dərəcəsində həmişə güclü idmançılarımız və ciddi rəqabətimiz olub. Bu, dünyada da ən rəqabətli çəkilərdən biridir. İnanın, bu çəkidə ölkəmizi layiqincə təmsil etmiş daha beş-altı idmançının adını çəkə bilərəm.

İdman.Biz