Cüdo millimiz Avropa Kubokunu yeddi medalla başa vurdu – YENİLƏNİB + FOTO

9 Avqust 2026 20:55
1 468
Cüdo millimiz Avropa Kubokunu yeddi medalla başa vurdu – YENİLƏNİB + FOTO

Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən cüdo üzrə gənclər arasında Avropa Kuboku başa çatıb.

İdman.Biz xəbər verir ki, yarışın son günündə Azərbaycan milli komandası iki qızıl və dörd bürünc medal qazanıb.

57 kq çəki dərəcəsində mübarizə aparan Xədicə Qədəşova bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. 100 kq-da çıxış edən Davud Namazlı da turniri məğlubiyyətsiz başa vuraraq qızıl medala sahib olub.

Nərgiz Əhmədova və Gülgəz Musayeva 48 kq, Aytən Verdiyeva 57 kq, Canpolad Əliyev isə 100 kq çəki dərəcəsində bürünc medal qazanıblar.

Beləliklə, Azərbaycan cüdoçuları yarışın yalnız son günündə 6 medal əldə ediblər.

Xatırladaq ki, turnirin ilk günündə Nilgün Rzayeva 63 kq çəki dərəcəsində üçüncü yeri tutmuşdu.

Yekunda millimiz Skopye Avropa Kubokunu iki qızıl və beş bürünc olmaqla ümumilikdə yeddi medalla tamamlayıb. Azərbaycan komandası bu nəticə ilə 33 ölkənin iştirak etdiyi turnirin ümumi hesabında üçüncü pillədə qərarlaşıb.

17:01

Azərbaycan cüdo millisinin üzvləri Xədicə Qadaşova və Davud Namazlı Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən gənclər arasında Avropa Kubokunda finala yüksəliblər.

İdman.Biz xəbər verir ki, 57 kq çəki dərəcəsində çıxış edən Qadaşova və 100 kq-da mübarizə aparan Namazlı yarımfinal görüşlərini qələbə ilə başa vuraraq həlledici mərhələyə vəsiqə qazanıblar. Hər iki təmsilçimiz turnirin qızıl medalı uğrunda tatamiyə çıxacaq.

Yarışın ikinci və son günündə ümumilikdə 10 Azərbaycan cüdoçusu mübarizəyə qoşulub. Finalçılarla yanaşı, Gülşən Hüseynova, Nərgiz Əhmədova və Gülgəz Musayeva 48 kq, Aysun Məmmədova və Nuranə Hacızadə 52 kq, Aytən Verdiyeva 57 kq, Canpolad Əliyev və Vidadi Əliyev isə 100 kq çəki dərəcəsində çıxış ediblər.

Nərgiz Əhmədova, Gülgəz Musayeva, Aysun Məmmədova, Aytən Verdiyeva, həmçinin Canpolad və Vidadi Əliyevlər təsəlliverici mərhələdə medal şanslarını davam etdirirlər.

Hazırda Azərbaycan millisinin aktivində bir medal var. Nilgün Rzayeva 63 kq çəki dərəcəsində bürünc mükafata sahib çıxıb.

Qeyd edək ki, Skopyedə keçirilən gənclər arasında Avropa Kubokunda 33 ölkədən 317 cüdoçu iştirak edir.

15:52

Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən gənclər arasında Avropa Kubokunda Azərbaycanın iki cüdoçusu yarımfinala vəsiqə qazanıb.

İdman.Biz xəbər verir ki, yarışın ikinci və son günündə Azərbaycan millisinin 10 üzvü tatamiyə çıxıb.

57 kq çəki dərəcəsində mübarizə aparan Xədicə Qadaşova və 100 kq-da çıxış edən Davud Namazlı görüşlərini uğurla keçirərək yarımfinal mərhələsinə yüksəliblər. Hər iki cüdoçu turnirin qızıl medalı uğrunda mübarizəni davam etdirir.

Bu gün, həmçinin Gülşən Hüseynova, Nərgiz Əhmədova və Gülgəz Musayeva 48 kq, Aysun Məmmədova və Nuranə Hacızadə 52 kq, Aytən Verdiyeva 57 kq, Canpolad Əliyev və Vidadi Əliyev isə 100 kq çəki dərəcəsində tatamiyə çıxıblar.

Hazırda Azərbaycan millisinin aktivində bir medal var. Nilgün Rzayeva yarışın ilk günündə 63 kq çəki dərəcəsində bürünc mükafata sahib çıxıb.

11:29

Azərbaycan cüdo millisi Skopyedə keçirilən gənclər arasında Avropa Kubokunun ikinci yarış günündə 10 idmançı ilə təmsil olunacaq.

İdman.Biz xəbər verir ki, qadınların 48 kq çəki dərəcəsində Gülşən Hüseynova, Nərgiz Əhmədova və Gülgəz Musayeva tatamiyə çıxacaqlar. 52 kq-da Aysun Məmmədova və Nuranə Hacızadə, 57 kq-da isə Aytən Verdiyeva və Xədicə Qadaşova medal uğrunda mübarizə aparacaqlar.

Kişilərin yarışında Azərbaycanı 100 kq çəki dərəcəsində Davud Namazlı, Canpolad Əliyev və Vidadi Əliyev təmsil edəcəklər.

Millimizin aktivində turnirin ilk günündən bir medal var. Nilgün Rzayeva 63 kq çəki dərəcəsində bürünc mükafata sahib çıxıb.

Qeyd edək ki, 8-9 avqust tarixlərində keçirilən Skopye Gənclər Avropa Kubokunda 33 ölkədən 317 cüdoçu iştirak edir.

İdman.Biz