Azərbaycan cüdoçusu Zelim Tçkayev Çinin Sindao şəhərində keçirilən Qran-pridə qızıl medal qazanıb.
İdman.Biz xəbər verir ki, 81 kq çəki dərəcəsində çıxış edən idmançımız final görüşündə Avstriya təmsilçisi Bernd Faşinq üzərində qələbə qazanaraq turnirin qalibi olub və fəxri kürsünün ən yüksək pilləsinə yüksəlib.
Eyni çəki dərəcəsində mübarizə aparan Olimpiya çempionumuz Hidayət Heydərov isə üçüncü yer uğrunda görüşdə Eqor Suxoparov üzərində qələbə qazanaraq bürünc medal əldə edib.
Qeyd edək ki, turnirdə 73 kq çəki dərəcəsində çıxış edən Rəşid Məmmədəliyev məğlub olaraq mübarizəni dayandırıb.
63 kq-da yarışan Fidan Əlizadə də rəqibinə uduzaraq turnirdə çıxışını başa vurub.
11:30
Çinin Sindao şəhərində keçirilən cüdo üzrə Qran-pri turnirində bu gün ikinci yarış gününün final bloku baş tutacaq.
İdman.Biz xəbər verir ki, Azərbaycan millisinin üzvlərindən Zelim Tçkayev (81 kq) qızıl medal uğrunda mübarizə aparacaq. Hidayət Heydərov (81 kq) isə bürünc medal görüşündə tatamiyə çıxacaq.
Qeyd edək ki, final blokunun qarşılaşmaları saat 13:00-da start götürəcək və CBC Sport telekanalı vasitəsilə canlı yayımlanacaq.
Xatırladaq ki, turnirdə 73 kq çəki dərəcəsində çıxış edən Rəşid Məmmədəliyev məğlub olaraq mübarizəni dayandırıb.
63 kq-da yarışan Fidan Əlizadə də rəqibinə uduzaraq turnirdə çıxışını başa vurub.
11:15
Azərbaycan cüdoçuları Çinin Sindao şəhərində keçirilən Qran-pri turnirində çıxışlarını davam etdirirlər.
İdman.Biz xəbər verir ki, 81 kq çəki dərəcəsində mübarizə aparan Hidayət Heydərov yarımfinalda Avstriya təmsilçisi Bernd Faşinqə məğlub olub.
Cüdoçumuz turnirin bürünc medal görüşündə tatamiyə çıxacaq.
73 kq-da yarışan Rəşid Məmmədəliyev isə təsəlliverici görüşdə məğlub olaraq mübarizəni dayandırıb. O, Sindao Qran-prisini yeddinci pillədə başa vurub.
10:06
Azərbaycan cüdoçuları Çinin Sindao şəhərində keçirilən Qran-pri turnirində uğurlu çıxışlarını davam etdirirlər.
İdman.Biz xəbər verir ki, 81 kq çəki dərəcəsində mübarizə aparan Zelim Tçkayev BƏƏ təmsilçisi Qadzimurad Omarovu ipponla məğlub edərək turnirin yarımfinalına yüksəlib.
Eyni çəki dərəcəsində çıxış edən Hidayət Heydərov isə növbəti görüşündə italiyalı Manuel Parlatini son saniyələrdə qazandığı xalla məğlub edərək yarımfinala vəsiqə qazanıb.
73 kq-da yarışan Rəşid Məmmədəliyev isə Böyük Britaniya təmsilçisi Bencamin Levini üstələyərək 1/4 finala yüksəlib.
09:46
Azərbaycan cüdoçuları Çinin Sindao şəhərində keçirilən Qran-pri turnirində uğurlu çıxışlarını davam etdirirlər.
İdman.Biz xəbər verir ki, 81 kq çəki dərəcəsində mübarizə aparan Zelim Tçkayev Özbəkistan təmsilçisi Murodcon Yuldoşevi ağrıdıcı fəndlə məğlub edərək 1/4 finala yüksəlib.
Eyni çəki dərəcəsində çıxış edən Hidayət Heydərov isə isveçrəli Orelyen Benferronini gərgin keçən qarşılaşmada son saniyələrdə qazandığı vaza-ari xalı ilə üstələyib. Bununla da o, turnirin 1/4 final mərhələsinə adlayıb.
73 kq-da yarışan Rəşid Məmmədəliyev isə fransalı Natan Kadinyanı qızıl xal hesabına məğlub edərək 1/8 finala yüksəlib.
09:01
Azərbaycan cüdoçuları Çinin Sindao şəhərində keçirilən Qran-pri turnirində mübarizəni davam etdirirlər.
İdman.Biz xəbər verir ki, tatamiyə çıxan cüdoçumuz Zelim Tçkayev 81 kq uğurlu çıxış edib. O, ilk görüşündə Finlandiya təmsilçisi Oskari Makinenə qalib gələrək 1/8 finala yüksəlib.
Eyni çəki dərəcəsində mübarizə aparan Hidayət Heydərov da növbəti mərhələyə adlayıb. Olimpiya çempionu 1/16 finalda İspaniya idmançısı Xose Mariya Mendiola İskiyetanı qızıl xal bölümündə məğlub edərək 1/8 finala vəsiqə qazanıb.
Qadın cüdoçumuz Fidan Əlizadə 63 kq isə turnirlə erkən vidalaşıb. O, 1/16 finalda Rusiya təmsilçisi Dali Liluaşviliyə uduzaraq mübarizəni dayandırıb.
06:49
Azərbaycan cüdoçuları Çinin Sindao şəhərində keçirilən Qran-pri turnirində mübarizəni davam etdirəcəklər.
İdman.Biz xəbər verir ki, ikinci yarış günündə yığmamızın dörd üzvü tatamiyə çıxacaq.
Kişilərin yarışında 73 kq çəkidə Rəşid Məmmədəliyev 1/16 finalda fransalı Natan Kadinyanla çinli Minqxao Canq arasındakı görüşün qalibi ilə üz-üzə gələcək.
81 kq-da Hidayət Heydərov ispaniyalı Xose Mariya Mendiola İskiyeta - braziliyalı David Lima cütünün qalibi ilə qarşılaşacaq. Eyni çəkidə Zelim Tçkayev monqolustanlı Enxtör Cuqderqarav və finlandiyalı Oskari Makinen görüşünün güclüsü ilə mübarizə aparacaq.
Qadınların yarışında isə Fidan Əlizadə 63 kq-da Dali Liluaşvili ilə qarşılaşacaq.
Südabə Ağayeva 70 kq çəkidə zədə səbəbindən özbəkistanlı Şirincon Yuldoşova ilə görüşə çıxmayacaq.
Qeyd edək ki, ilk yarış günündə millimizin 60 kq çəki dərəcəsində mübarizə aparan üzvü Əhməd Yusifov bürünc medal görüşündə Fransa təmsilçisi Enzo Janla qarşılaşıb. Gərgin keçən döyüşdə rəqibinə qalib gələn Yusifov fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.
Daha iki təmsilçimiz isə medalın bir addımlığında dayanıb. Qadınların 52 kq çəki dərəcəsində çıxış edən Gültac Məmmədəliyeva bürünc medal qarşılaşmasında Paris Olimpiadasının mükafatçısı Larissa Pimentaya məğlub olaraq yarışı beşinci sırada başa vurub.
Kişilərin 66 kq çəkisində mübarizə aparan Ruslan Paşayev də üçüncü yer uğrunda görüşdə fransalı Kelvin Reyə uduzub və turniri beşinci pillədə tamamlayıb.
Azərbaycan millisinin digər üzvləri Şəfəq Həmidova, Könül Əliyeva, Leyla Əliyeva, Balabəy Ağayev və Tofiq Məmmədov isə mübarizəni erkən mərhələlərdə dayandırıblar.
