Adaptiv Cüdo Layihəsi Avropa Cüdo Birliyinin Konfransında təqdim olunub - FOTO

Xəbərlər
23 İyun 2024 21:56
103
Adaptiv Cüdo Layihəsi Avropa Cüdo Birliyinin Konfransında təqdim olunub - FOTO

İyunun 22-də Xorvatiyanın Poreç şəhərində keçirilən VII Elmi və Peşəkar Konfrans çərçivəsində Azərbaycan Cüdo Federasiyasının (ACF) Təhsil Meneceri Orxan Oruczadə Adaptiv Cüdo layihəsini təqdim edib.

İdman.biz xəbər verir ki, proqram daun sindromlu, autizmli və xüsusi qayğıya ehtiyacı olan uşaqların sosial inteqrasiyasını təşviq etmək və onların özünə inamını artırmaq məqsədi daşıyır.

Təqdimat zamanı O. Oruczadə məşqçilər üçün beynəlxalq təcrübənin faydalarını vurğulayıb və onların bir neçə adaptiv cüdo təlimində iştirakları haqqında ətraflı məlumat verib. O, diqqətə çatdırıb ki, azərbaycanlı məşqçilər Fransada keçirilən adaptiv cüdo üzrə təlim düşərgəsində və məşqçilik seminarında iştirak ediblər. Daha sonra onlar Xorvatiyada Velika Qoritsa şəhərində təşkil olunan "EJU Get Together” adaptiv cüdo turnirinə və Poreç şəhərindəki Adaptiv Cüdo düşərgəsinə qatılıblar. Bu beynəlxalq təcrübələr məşqçilərin adaptiv cüdo biliklərinin və bu sahədə bacarıqlarının artırılmasında mühüm rol oynayıb.

Layihənin əsas məqsədi bu uşaqların cüdo vasitəsilə cəmiyyətə inteqrasiyasını təmin etmək və bütün uşaqlar arasında cüdonun əsas dəyərlərini təbliğ etməkdir. Oruczadə konfransda Azərbaycanda cüdonun get-gedə populyarlaşdığını diqqətə çatdırıb, yerli cüdo ictimaiyyətinin nümayəndələrinin bu istiqamətdə güclü dəstəyini qeyd edib.

Təqdimat iştirakçıların böyük marağına səbəb olub. Avropa Cüdo Birliyinin vitse-prezidenti və Təhsil Komissiyasının rəhbəri Sergey Aşvanden Azərbaycan Cüdo Federasiyasının bu sahədə əldə etdiyi nailiyyətləri yüksək qiymətləndirib. O qeyd edib ki, ACF-nin adaptiv cüdo üzrə dərin biliklərə yiyələnməsi digər federasiyalar üçün müsbət nümunədir.

İdman.biz