Böyük Dəbilqənin qalibi Rəşid Məmmədəliyev dünya reytinqində ilk “5-lik”də - İDMAN.BİZ-in İCMALI

14 Sentyabr 2026 15:14
79
Böyük Dəbilqənin qalibi Rəşid Məmmədəliyev dünya reytinqində ilk “5-lik”də - İDMAN.BİZ-in İCMALI

Ötən həftəsonu Budapeştdə keçirilən cüdo üzrə Böyük Dəbilqə turnirində qalib gələn Azərbaycan cüdoçusu Rəşid Məmmədəliyev (73 kq) dünya reytinqinin ilk “5-liy”inə daxil olub.

İdman.Biz xəbər verir ki, Beynəlxalq Cüdo Federasiyası (IJF) Macarıstanın paytaxtında keçirilən son Böyük Dəbilqənin yekunlarına əsasən dünya cüdoçularının yenilənmiş reytinqini açıqlayıb.

Xatırladaq ki, Azərbaycan cüdoçuları Budapeşt tatamisində bir qızıl və iki bürünc medal qazanıblar. Rəşid Məmmədəliyev (73 kq), Vüsal Qələndərzadə (81 kq) və Camal Qamzətxanov (+100 kq) fərqləniblər.

Macarıstan turnirinin qalibi Məmmədəliyevin hazırda aktivində 3814 xal var və o, iki pillə yüksələrək 5-ci yeri tutur. Məmmədəliyev 4-cü yerdə qərarlaşan rusiyalı Daniil Lavrentyevdən cəmi 36 xal geri qalır.

2024-cü il Olimpiya çempionu Hidayət Heydərov son vaxtlar 81 kq çəki dərəcəsində möhkəmlənməyə çalışmasına baxmayaraq, hələ də 73 kq çəki dərəcəsinin reytinqində yer alır. Heydərov 1936 xalla 16-cı pillədədir. Heydərov həmçinin 81 kq çəki dərəcəsinin reytinqində də yer alır və 360 xalla 108-ci sıradadır. Cüdoda Olimpiya təsnifat mərhələsinin sürət yığdığını nəzərə alsaq, onun 81 kq çəki dərəcəsində ilk “10-luğa” düşmək üçün çox çalışması lazım gələcək. Xatırladaq ki, Heydərov zədə səbəbindən Budapeşt Böyük Dəbilqəsini buraxıb.

81 kq çəki dərəcəsində Azərbaycan millisinin liderlərinə gəlincə, Zelim Kotsoyev (3762) hələ də dünya reytinqinin ilk üçlüyünü tamamlayır, Ömər Rəcəbli (2552) isə 6-cı pillədə qərarlaşıb. Budapeşt Böyük Dəbilqəsinin bürünc medalçısı Vüsal Qalandarzadə (2144) 9 pillə yüksələrək 18-ci yerə çıxıb.

Macarıstan turnirinin digər medalçısı Camal Qamzətxanov (+100 kq) ağır çəkidə 2955 xalla iki pillə irəliləyərək 11-ci yerdə qərarlaşıb. Ondan yuxarıda 2-ci pillədən 3-cü yerə enən Uşanqi Kokauri (3731) və 7-ci yerini qoruyan Kənan Nəsibov (3340) qərarlaşıb.

Bu arada 60 kq çəki dərəcəsində Balabəy Ağayev 4620 xalla dünya reytinqində liderliyini qoruyur. Eyni çəkidə Əhməd Yusifov 3425 xalla 5-ci pillədədir. 66 kq çəki dərəcəsində Azərbaycan cüdoçuları arasında ən yaxşı nəticə Ruslan Paşayevə məxsusdur. O, 3430 xalla 4-cü yerdə qərarlaşıb.

90 kq çəki dərəcəsində Azərbaycan cüdoçuları arasında öndə olan Murad Fətiyev 3500 xalla ilk üçlüyü tamamlayır, 100 kq çəki dərəcəsində isə Olimpiya çempionu Zelim Kotsoyev (3020) 11-ci pillədə yer alır.

İdman.Biz