Bir çox aparıcı milli komandalar oktyabrın 4-10-da Bakıda keçiriləcək cüdo üzrə dünya çempionatına hazırlığın həlledici mərhələsinə qədəm qoyub. Onların arasında Yaponiyada üç həftəlik təlim-məşq toplanışını başa vuran Niderland komandası da var.
“Narıncılar”ın lideri, Bakıda iki dəfə “Böyük dəbilqə” turnirinin qalibi və iki dəfə dünya çempionatının bürünc medalçısı olan Mixael Korrel paytaxtımıza yaxın zamanda səfəri ilə bağlı gözləntilərini İdman.Biz-ə müsahibəsində bölüşüb.
– Bakıda keçiriləcək dünya çempionatına cəmi bir neçə həftə qalıb. Hazırlığın gedişindən razısınız?
– Hər şey məşqçilərimizin planına uyğun gedir. Yaponiyadakı təlim-məşq toplanışını yenicə başa vurmuşuq. İndi yükü düzgün bölüşdürməyin xüsusilə vacib olduğu dövr başlayır. Ağır işlərin böyük hissəsi artıq görülüb və ilin əsas turnirinə həm fiziki, həm də psixoloji baxımdan optimal formada yaxınlaşmaq lazımdır. Belə səviyyədə çox şeyi məhz detallar həll edir.
– Bakıdan əvvəlki təlim-məşq toplanışının Yaponiyada keçirilməsi nə ilə bağlıdır?
– Yaponiya istənilən cüdoçu üçün həmişə xüsusi məkandır. Orada məşq mühiti tamamilə fərqlidir, tərəfdaşların səviyyəsi çox yüksəkdir və çoxlu sayda keyfiyyətli randori keçirmək imkanı var. Dünya çempionatı ərəfəsində belə bir yük almağım mənim üçün vacib idi. Hər gün güclü rəqiblərlə məşq edəndə bu, lazımi yarış ritmini hiss etməyə kömək edir.
– Yaponiyada qazandığınız təcrübədən Bakıda tatamiyə birbaşa tətbiq etmək istədiyiniz nəsə varmı?
– Daha çox söhbət konkret bir fənddən getmir. Söhbət intensivlikdən, konsentrasiyadan və təzyiq altında daim qərar vermək zərurətindən gedir. Dünya çempionatında görüşlər zamanı düşünmək üçün demək olar ki, vaxt yoxdur. Vəziyyəti hiss etməli və dərhal reaksiya verməlisən. Yaponiyadakı randorilər bu xüsusiyyəti inkişaf etdirməyə çox yaxşı kömək edir.
– Bakı sizin çox yaxşı tanıdığınız şəhərdir. Burada iki dəfə “Böyük dəbilqə” turnirində qalib gəlmisiniz, bir dəfə üçüncü olmusunuz və 2018-ci ildə dünya çempionatında çıxış etmisiniz. Bakını Mixael Korrel üçün uğurlu məkan adlandırmaq olar?
– Bakıda həqiqətən çoxlu yaxşı xatirələrim var. Burada qalib gəlmişəm, vacib görüşlər keçirmişəm, böyük turnirin ab-havasını hiss etmişəm. Buna görə də Bakıya qayıtmaq həmişə xoşdur. Amma əvvəlki nəticələr heç nəyə zəmanət vermir. Yeni çempionat başlayanda hər şey sıfırdan başlayır.
– 2018-ci ildə Bakıda keçirilən dünya çempionatında yeddinci oldunuz. Artıq səkkiz il keçib. Bu müddət ərzində Mixael Korrel nə dərəcədə dəyişib?
– Çox dəyişmişəm. Belə səviyyədə səkkiz il böyük təcrübədir. Olimpiya Oyunlarında, dünya çempionatlarında, Dünya Turunun çoxsaylı turnirlərində iştirak etmişəm. Yəqin ki, indi bir idmançı kimi özümü daha yaxşı anlayıram, nə zaman risk etməli, nə vaxt səbirli olmalı olduğumu daha yaxşı hiss edirəm. Təcrübə görüşləri asanlaşdırmır, amma müəyyən vəziyyətlərin öhdəsindən daha yaxşı gəlməyə kömək edir.
– Artıq dünya çempionatında iki bürünc medalınız var. Bu o deməkdir ki, bundan sonra sizi yalnız “qızıl” tam qane edə bilər?
– Əlbəttə, çempion olmaq istəyirsən. Əks halda belə səviyyədə yarışmağın mənası yoxdur. Amma turnirə final barədə düşünərək başlamaq olmaz. Əvvəlcə ilk görüş, sonra növbəti. Medala həddindən artıq çox fokuslansan, elə həmin anda baş verənlərə diqqəti itirə bilərsən.
– 100 kq-a qədər çəki dərəcəsində potensial rəqiblərinizdən biri Zelim Kotsoyevdir. Bakıda onunla mümkün görüş, şübhəsiz ki, böyük maraq doğuracaq. Bu barədə nə düşünürsünüz?
– Kotsoyev çəki dərəcəmizdə ən güclü cüdoçulardan biridir və onun nəticələri bunu açıq şəkildə göstərir. Beynəlxalq turnirlərdən bir-birimizi yaxşı tanıyırıq. Buna görə də belə bir görüş, əlbəttə, çox maraqlı ola bilər. Bakıda onun tribunaların dəstəyi şəklində əlavə üstünlüyü olacaq, amma belə atmosfer mənim üçün də motivasiyadır. Dünya çempionatında rəqib seçmək olmur. Yollarımız kəsişsə, buna hazır olacağam.
– Bakıdakı dünya çempionatı, faktiki olaraq, yeni Olimpiya dövrünün başlanğıcıdır. Artıq Los-Anceles-2028 barədə düşünürsünüz?
– Olimpiya Oyunları həmişə idmançının fikirlərinin hansısa yerində olur. Amma Los-Ancelesə qədər hələ vaxt var. Hazırda əsas vəzifəm Bakıdakı dünya çempionatıdır. Böyük idmanda addım-addım irəliləmək vacibdir. Daim iki ildən sonra nələrin baş verəcəyini düşünürsənsə, bu gün qarşında olanları gözdən qaçıra bilərsən.
