Cüdo üzrə yeniyetmə oğlanlardan ibarət Azərbaycan milli komandası Yaponiyada beynəlxalq təlim-məşq toplanışına başlayıb.
İdman.Biz xəbər verir ki, üç həftə davam edəcək hazırlıq prosesində 16 cüdoçumuz iştirak edir.
Komandaya yığmanın baş məşqçisi Emin İskəndərov, məşqçilər Nicat Şıxəlizadə və Kotaro Sasaki rəhbərlik edirlər. Toplanışın ilk mərhələsi Tokai Universitetinin nəzdində fəaliyyət göstərən Saqami məktəbində təşkil olunur.
Məşqlərdə idmançıların fərdi texniki hazırlığına, randori bacarıqlarına, fiziki dözümlülüyünə və müxtəlif üslublu rəqiblərlə mübarizə təcrübəsinin artırılmasına xüsusi diqqət yetirilir.
Hazırlıq prosesi cüdoçuların texniki və taktiki bacarıqlarının təkmilləşdirilməsi, beynəlxalq təcrübələrinin artırılması və yüksək rəqabətli məşq mühitinə uyğunlaşması məqsədi daşıyır.
Toplanış yeniyetmələrin qarşıdakı yarışlara hazırlığına, uzunmüddətli inkişafına və gələcəkdə əsas milli komandaya keçidinə xidmət edir.
