“Benfika” səfərdə “Milan”a qalib gəldi, “Sanderlend”, “Bayer” və “Lion” üç xala sevindi - YENİLƏNİB + VİDEO

17 Sentyabr 2026 01:00
1 172
“Benfika” səfərdə “Milan”a qalib gəldi, “Sanderlend”, “Bayer” və “Lion” üç xala sevindi

“Benfika” Avropa Liqasının ümumi mərhələsinin ilk turunda “Milan”ı məğlub edib.

İdman.Biz xəbər verir ki, “San-Siro” stadionunda keçirilən qarşılaşma qonaqların 2:0 hesablı qələbəsi ilə başa çatıb.

“Benfika” 16-cı dəqiqədə Dodi Lukebakionun qolu ilə hesabı açıb. 54-cü dəqiqədə Yakub Kaminski fərqi artıraraq matçda son nöqtəni qoyub.

Avropa Liqasının ümumi mərhələsinin növbəti turunda “Milan” oktyabrın 15-də səfərdə “Red Bull Zaltsburq”la qarşılaşacaq. “Benfika” isə həmin gün öz meydanında “Seltik”i qəbul edəcək.

Paralel keçən qarşılaşmada “Sanderlend” “AZ Alkmar”ı məğlub edib. “Stedium of Layt” stadionunda keçirilən qarşılaşma meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Matçın taleyini 66-cı dəqiqədə vurulan qol həll edib. Enzo Le Fe “Sanderlend”ə qələbə qazandıran topun müəllifi olub.

İlk turda “Bayer” də qələbə qazanıb. “BayArena”da keçirilən qarşılaşmada meydan sahibləri “Tsele”ni 2:0 hesabı ilə məğlub edib. “Bayer” 15-ci dəqiqədə Svit Seşların avtoqolu ilə hesabı açıb. 74-cü dəqiqədə Fakundo Medina fərqi artıraraq matçda son nöqtəni qoyub.

Növbəti turda “Tsele” oktyabrın 15-də öz meydanında “Omoniya”nı qəbul edəcək. “Bayer” isə həmin gün səfərdə “Lex”lə qarşılaşacaq.

"Hapoel" Zaqreb "Dinamo"su ilə xalları bölüşüb. Görüş heç-heçə başa çatıb. Avstriyanın "Şturm" və Fransanın "Renn" komandaları da qalibi müəyyənləşdirə bilməyiblər – 0:0.

Digər matçda "Lion" səfərdə "Anderlext"dən güclü olub – 2:1. Qarşılaşmanın səkkizinci dəqiqəsində Noa Narti Fransa komandasını hesabda irəli çıxarıb, daha sonra Keyto Nakamura qonaqların üstünlüyünü ikiqat artırıb. 61-ci dəqiqədə Mixaylo Svetkoviç Belçika klubunun hesabdakı fərqini azaltsa da, meydan sahibləri matçı xilas edə bilməyiblər.

"Olimpiakos" Pireydə "Yagelloniya" üzərində qələbə qazanıb – 2:1. Yunanıstan təmsilçisinin heyətində Armando Qonsales və Roman Yaremçuk fərqləniblər.

Qeyd edək ki, turnirin son qalibi “Aston Villa”dır. İngiltərə təmsilçisi ötən mövsümün finalında “Frayburq”u 3:0 hesabı ilə məğlub edib.

22:58

“Selta” Avropa Liqasının 2026/27 mövsümünün əsas mərhələsində ilk tur matçında “Omoniya”ya məğlub olub.

İdman.Biz xəbər verir ki, Kipr klubunun meydançasında keçirilən görüş “Omoniya”nın 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Qarşılaşmada uzun müddət hesab açılmayıb və matçın taleyi 88-ci dəqiqədə həll olunub. Yure Balkovets meydan sahiblərinə qələbə qazandıran qolu vurub.

Günün digər qarşılaşmasında “Ararat-Armenia” öz meydanında Praqa “Sparta”sına 1:4 hesabı ilə uduzub.

Qonaq komandanın heyətində Tobias Quddal dublla yadda qalıb. Con Merkado və Patrik Vidra hərəyə bir dəfə fərqləniblər. Meydan sahiblərinin heyətində yeganə qolu Brunu Vilson vurub.

09:20

Bu gün UEFA Avropa Liqasının 2026/27 mövsümünün Liqa mərhələsinə start veriləcək.

İdman.Biz xəbər verir ki, ilk oyun günündə doqquz qarşılaşma keçiriləcək. Turun əsas görüşü İtaliyada baş tutacaq. “Milan” doğma meydanda “Benfika”nı qəbul edəcək.

Digər diqqətçəkən qarşılaşmalarda “Anderlext” “Lion”la, “Sanderlend” isə “AZ Alkmaar”la üz-üzə gələcək.

16 sentyabr. Bakı vaxtı ilə:
20:45 “Omoniya” - “Selta”
20:45 “Ararat-Armeniya” - “Sparta” (Praqa)
23:00 “Milan” - “Benfika”
23:00 “Bayer” (Leverkuzen) - “Tsele”
23:00 “Hapoel Beer-Şeva” - “Dinamo” (Zaqreb)
23:00 “Olimpiakos” - “Yaqelloniya”
23:00 “Anderlext” - “Lion”
23:00 “Şturm” - “Renn”
23:00 “Sanderlend” - “AZ Alkmaar”

İlk turun digər doqquz qarşılaşması sentyabrın 17-də keçiriləcək.

İdman.Biz