Elxan Məmmədov: “Zelimin döyüşündə yaşadığım stress uzun müddət mənlə qalacaq” - MÜSAHİBƏ

Müsahibə
26 May 2024 18:16
736
Elxan Məmmədov: “Zelimin döyüşündə yaşadığım stress uzun müddət mənlə qalacaq” - MÜSAHİBƏ

Azərbaycan millisinin sabiq cüdoçusu Elxan Məmmədovun İdman.bizə müsahibəsi

- Şəxsi məşqçisi olduğunuz Zelim Kotsoyev BƏƏ-nin paytaxtı Abu-Dabidə dünya çempionu tituluna yiyələndi. Onun qələbəsini necə şərh edərdiniz?

- Dünya çempionu olmaq sıradan bir şey deyil. Olimpiya və dünya çempionatında yer tutmaq illərin zəhmətidir. Böyük bir kollektivin işidir. Gərgin məşqlər, psixiloji hazırlıq və s. kimi amillər dayanır. Bu, çempion olan şəxsin birbaşa zəhmətindən aslıdır. Zelimin Olimpiya Oyunlarından öncə belə nəticə verməsi həqiqətən də sevindirici haldır. Böyük bir uğurdur. Bu qələbə tək məni yox, bütün cüdo ailəsini sevindirir.

- Mundial öncəsi hazırlıq necə keçmişdi?

- Bakıda "Böyük Dəbilqə"dən sonra Zelimdə çəki problemi var idi. Həm psixoloji yorulmuşdu, həm də fiziki yetərincə yorğun düşmüşdü. Bütün bunlar onun sağlamlıq testlərinin nəticəsində bəlli olmuşdu. Bu səbəbə görə məqsədimiz dünya çempionatına 1 ay qalmış onun çəkisinin azadılması, yorğunluğun aradan qaldırılması, eyni zamanda da psixoloji olaraq hazırlığının yüksəldilməsi idi. Avropa çempionatından sonra yığma komandanın məşqçisi onunla çalışırdı. Biz də bir peşəkar kimi tövsiyyələrimizi bölüşürdük. Qarşıdakı hədəfə çatmaq çox önəmli idi. Çünki çəkiyə adaptasiya və digər problemlərin aradan qaldırılması asan məsələ deyil. O, gündə bir dəfə məşqlə və düzgün psixoloji hazırlıqla və intizamlı rejimlə bunun öhdəsindən gəldi.

- Zelim ardıcıl 3-cü dünya çempionatında medal qazanıb...

- Abu-Dabiyə boş yerinə getməmişdik. Motivasiya olması üçün hər gün valdeyinləri ilə danışırdıq. Atası deyirdi ki, tək diləyim Zelimin çempion olmasıdır. Zelimin yarımfinal görüşündən sonra onun yanına gedib dedim ki, sən nə olursa-olsun atanın arzusunu yerinə yetirməlisən. Bu, şansdır və ola bilər ki, bir də belə bir fürsət ələ düşməz. Döyüşməlisən, vuruşmalısan və hər şeyə rəğmən çempionluğu əldə etməlisən. Sevindirici haldır ki, o bunu bacardı.

- Onda Zelimin final döyüşü sizin üçün də gərgin keçib...

- Həmin hissləri izah edə bilmərəm. Həmin an hansı duyğular içərisində olduğumu sözlərlə ifadə etmək çətindir. Zelimin döyüşü zamanı yaşadığım stress hələ uzun müddət mənlə qalacaq. Bəlkə də o stress sağlamlığıma ziyan vurdu. Amma sevinirəm ki, bu qədər gərginlikdən sonra çempionluq sevincini yaşadıq. Onun ailəsindən də daha çox həyəcanlıydım.

- Zelim daim onun yanında olduğunuzu və dəstək verdiyiniz deyir. Tələbənizə necə motivasiya verirsiz?

- Mən 36 yaşıma kimi peşəkar cüdo ilə məşğul olmuşam. Həm çempionluq yaşamışam, həm də pis günlərim az olmayıb. Düşünürəm ki, idmançı uduzanda onun yanında olub, motivasiya verməlisən. İnandırmalısan ki, çempion olacaqsan. Mən bütün bunların hamısından keçmişəm. Ona görə onun dar günündə və pis anında yanında olmuşam. Daim demişəm ki, əgər böyük idmançı olmaq istəyirsənsə, peşəkar olmalısan. Hər bir şeyə hazır olmalısan. Zelim ardıcıl iki yarışda uduzdu. Həmişəki kimi, ona inandığımı dedim. Başa saldım ki, çempion olacaqsan və bu, son deyil. Son bir aydır ki, hər gün bir yerdəyik. Yeməyimizi belə birlikdə yeyirik. Hər saniyə onunla danışıram və motivasiya verirəm ki, sən bunu bacaracaqsan. Olimpiadaya az qalıb və ona kimi də birlikdə olmağı düşünürük.

- Paris-2024 Yay Olimpiya Oyunlarında ondan hansı medalı gözləyirsiz?

- Cüdoda izah olunmaz hadisələr baş verir, hər saniyənin hökmü var. Lakin Zelimə ümidlərimiz böyükdür. İnanırıq ki, dünya çempionatında olduğu kimi Olimpiadada da Azərbaycanın bayrağını yüksəldəcək. Onda bu potensial var. Buna görə Kotsoyevə inanıram və güvənirəm. Millinin baş məşqçisinin proqramına əsasən hazırlaşacağıq. Daim məşqçi ilə onun barəsində danışırıq. Hər bir halda yanında olacam.

Banuçiçək Hüseynli
İdman.biz