Bakıda böyüklər arasında keçiriləcək cüdo üzrə dünya çempionatında iştirak edəcək ölkə və idmançı sayı açıqlanıb.
İdman.Biz xəbər verir ki, Beynəlxalq Cüdo Federasiyasının (IJF) rəsmi məlumatına əsasən oktyabrın 4-dən 10-dək davam edəcək turnirdə beş qitəni təmsil edən 83 ölkədən ümumilikdə 531 cüdoçunun iştirakı nəzərdə tutulub.
İştirakçılardan 277-si kişi, 254-ü qadın idmançıdır. Avropa Cüdo İttifaqına daxil olan ölkələr çempionatda 254, Asiya Cüdo İttifaqının üzvləri isə 154 idmançı ilə təmsil olunacaq. Panamerika Cüdo Konfederasiyasından 77, Afrika Cüdo İttifaqından 34, Okeaniyadan isə 12 cüdoçu Bakıya gələcək.
Dünya çempionatında kişilər arasında 60, 66, 73, 81, 90, 100 və +100 kq, qadınlarda isə 48, 52, 57, 63, 70, 78 və +78 kq çəki dərəcələrində qaliblər müəyyənləşəcək.
Yarışın ilk günündə kişilərin 60 kq və qadınların 48 kq, sonuncu günündə isə müvafiq olaraq +100 kq və +78 kq çəki dərəcələrində mübarizə aparılacaq.
Qeyd edək ki, Milli Gimnastika Arenasında təşkil olunacaq dünya çempionatının yarış proqramı yeddi gün nəzərdə tutulub.
