Rəşad və Fərhad Məmmədov qardaşları son 25 ildə yerli cüdonun ən güclü mütəxəssislərindən hesab olunurlar. Bunun üçün onların rəhbərlik etdiyi komandaların, eləcə də yetirmələrinin əldə etdiyi nəticələrə baxmaq kifayətdir.
İdman.Biz qardaşların böyüyü - hazırda İranın bütün yaş qrupları üzrə cüdo yığmalarının baş məşqçisi olan Rəşad Məmmədovla söhbətləşib. Söhbət onun doğulub boya-başa çatdığı Əmircandan tutmuş, bu gün iranlı cüdoçuları çalışdırdığı Tehrana qədər geniş mövzuları əhatə etdi.

- Rəşad müəllim, siz və qardaşınız demək olar ki, eyni vaxtda məşqçilik karyerasına başlamısınız. Bu, aranızdakı rəqabətlə bağlı idi?
- Yox, nə rəqabəti… Mən özüm cüdo ilə yeddi yaşımda məşğul olmağa başlamışam. Əmircan qəsəbəsindəki məhəllə uşaqları məni burada yeni açılmış cüdo bölməsinə çağırmışdılar. Beş il sonra isə Fərhadı da həmin bölməyə gətirdim. Cüdodan demək olar ki, eyni vaxtda - 1999-cu ildə ayrıldıq: mən “Neftçi”də məşqçiliyə başladım, o isə müəllimimiz Əli Dərvişovun dəvəti ilə “Atilla”ya getdi. Hazırda qardaşım həmin klubun direktorudur. Yəni aramızda heç bir rəqabət olmayıb.
- Bəs yetirmələr məsələsində necə? Bir çox idman növlərində, o cümlədən cüdoda məşqçilər uşaqları bir-birindən “qoparmağa” çalışırlar. Sizdə də belə hallar olurdu?
- Yox, qətiyyən. Axı biz qardaşıq – aramızda elə məqamlar ola bilər? Üstəlik, biz təkcə fərqli klublarda yox, şəhərin müxtəlif hissələrində işləyirdik: “Atilla” mərkəzdə, “Neftçi” isə Suraxanı qəsəbəsində yerləşirdi. Əksinə, kimsə uşağını şəhərin mərkəzindəki bölməyə yazdırmaq istəyəndə, onu Fərhada yönləndirirdim. Onun çoxlu ulduz yetirmələri var.
- Məsələn, kimlər?
- Avropa çempionatlarının tam medalçısı Orxan Səfərov, Olimpiya Oyunlarının gümüş mükafatçıları Rüstəm Orucov və Elmar Qasımov - bunların hamısı onun yetirmələridir.
- Bəs sizin də belə yetirmələriniz var?
- Məndə əsasən gənclər üzrədir. Məsələn, gənclər arasında Avropa çempionatlarının mükafatçıları Rasim Əsədullayev, Telman Vəliyev, Əbdülhaq Rəsullu, həmçinin altı yaşlarından şəxsi məşqçi kimi hazırladığım cüdoçular - Leyla Əliyeva və Aydan Vəliyeva.
- Amma yetirmələrin adlarına baxanda belə çıxır ki, qardaşınız məşqçi kimi sizdən daha güclüdür?
- Qardaşdı da, güclü olmalıdır (gülür). Qoy qardaşım məndən güclü olsun - mən bununla fəxr edirəm! Mən əsasən yığma komandalarla çalışmışam. 2007–2017-ci illərdə əvvəlcə Azərbaycanın yeniyetmələr, sonra isə gənclər yığmasının baş məşqçisi olmuşam. 2019-2024-cü illərdə isə demək olar ki, sıfırdan formalaşdırdığımız qadınlardan ibarət milli komandanın baş məşqçisi idim.
- Bəs İrina Kindzerska?
- Yığmada elə təkcə o var idi. Sonra Leyla Əliyevanı cəlb etdim, Gültac Məmmədliyevanı gətirdim, Aydan Vəliyevanı yetişdirib inkişaf etdirdim. Çox sevinirəm ki, bu qızlar sonradan böyüklər arasında turnirlərdə mükafatlar qazandılar və sübut etdilər ki, yığma yalnız bir Kindzerskadan ibarət deyil.
- Yeri gəlmişkən, bu suala ən düşünmədən cavab verə bilən şəxs məhz sizsiniz: kiminlə işləmək daha çətindir - kişilərlə, yoxsa qadınlarla?
- Heç düşünmədən cavab verəcəyəm – əlbəttə ki, qadınlarla! (gülür). Onların mentaliteti başqadır, psixologiyası başqadır, orqanizmi başqadır - hər şey fərqlidir. Kişilərdə necədir: gəldi, tapşırıq verdin - vəssalam, yerinə yetirirlər. Kim səhlənkarlıq edirsə, onunla heç kim nazlanmır, dərhal heyətdən kənarlaşdırılır. Qadın cüdoçuların isə hər birinə fərdi yanaşma lazımdır. Onları məşqə məcbur etmək çətindir, gərək, necə deyərlər, “Elektronikin macəraları” filmindəki kimi, hər birinin “düyməsini” tapasan. Burada ümumi məşqlər işə yaramır - hər cüdoçu üçün ayrıca proqram seçmək lazımdır və bəzən yekun uğur naminə xırda, sırf qadınlara xas kaprizlərinə də göz yummaq məcburiyyətində qalırsan.

- Bəs əksinə, hansı cüdoçu ilə işləmək sizin üçün daha asan idi?
- İrina Kindzerska ilə. O, məşqlərdə çox icraçı idi - deyilən hər şeyi kaprizsiz, nazsız yerinə yetirirdi. Psixoloji cəhətdən çox davamlı, tank kimi möhkəm, güclü idman xarakterinə malik idi. Bir sözlə, “gülləkeçirməz”.
- İranda da qadın komandası ilə işləmək bu qədər çətindir? Yoxsa ümumiyyətlə, belə komanda yoxdur?
- Qadınlarla işləmək hər yerdə çətindir – istər Azərbaycanda, istərsə də İranda (gülür). Burada qadın cüdosu var idi, amma nəticə yox idi. Ötən il tarixdə ilk dəfə iranlı cüdoçu İslam Oyunlarında medal qazandı – 70 kq çəki dərəcəsində Məryəm Barber bürünc mükafata sahib oldu. Bundan əlavə, yeniyetmələr arasında Asiya Oyunlarında iranlı cüdoçu çempion oldu. Yəni cəmi yarım ildir İranın bütün yaş qrupları üzrə yığmalarının baş məşqçisi olsam da, artıq qürur duymağa əsas var.
- Müqaviləniz hansı müddətə imzalanıb?
- Müqavilə 2028-ci il Olimpiya Oyunlarınadək nəzərdə tutulub, 2026-cı ilin sonunda isə mənim üçün daha sərfəli şərtlərlə yenidən baxılması hüququ var.
- Siz 2024-cü ilin sonunda Azərbaycan millisindən ayrıldınız və yarım ildən sonra başqa ölkənin yığması ilə müqavilə imzaladınız. Sizcə, tələsmədiniz ki?
- Əksinə, düşünürəm ki, bir az da gecikdim. 2025-ci ilin əvvəlində federasiya rəhbərliyi mənimlə müqaviləni uzatmayanda, bir müddət gözlədim – bəlkə başqa bir iş təklif edərlər. Amma xaricdən təkliflər futbolda deyildiyi kimi, “azad agent” olduğum bilinəndən dərhal sonra gəldi. Məni Şimali Makedoniyaya, Çinə və İrana dəvət edirdilər. Azərbaycanda artıq mənə ehtiyac olmadığını dəqiq anlayandan sonra ölkəni tərk etdim və İrana gəldim.
- Niyə məhz İran? Şərtlər daha yaxşı idi?
- Çünki Bakıya daha yaxındır (gülür). Yox, İranın təklif etdiyi şərtlər daha yaxşı deyildi. Sadəcə, İran ənənələri olan ölkədir və üstəlik, qonşumuzdur. Buradan doğma Bakıya uçmaq mənim üçün daha rahatdır, çünki şəhər üçün çox darıxıram. Yaxınları Tehrana gətirmək olar, amma şəhəri gətirmək mümkün deyil.
- Ailəniz də sizinlə qalır?
- Həmişə yox. Amma vaxtaşırı gəlirlər - bəzən həyat yoldaşım, bəzən oğullarım nəvələrimlə birlikdə. Yalnız qızım hələ gəlməyib.
- Niyə? Bəlkə İranda qadınlar üçün çoxlu qadağalar olduğu düşünülür?
- Əslində, İran sakinlərinin həyat tərzi ilə bağlı yayılan xəbərlərin çoxu mif imiş. Burada həm kişilər, həm də qadınlar demək olar ki, Avropada, eləcə də Bakıda olduğu kimi geyinirlər. Heç bir hicab və ya niqab məcburiyyəti yoxdur, ən azı mənim yaşayıb işlədiyim Tehranda. İnsanlar isə olduqca səmimi və mehribandırlar. Məni ilk gündən təkcə Cüdo Federasiyasının prezidenti Araş Mirismaili (yeri gəlmişkən, ikiqat dünya çempionu) deyil, həm də İranın idman naziri dəstəkləyir. Daim hal-əhvalımı soruşur, nəyəsə ehtiyacım olub-olmadığı ilə maraqlanırlar. Altı ay əvvələ qədər ümumiyyətlə tanımadığım bu insanların belə münasibəti adamı sevindirməyə bilməz.
- Nə üçün təşkilatçılar seçim edərkən avropalı və ya asiyalı mütəxəssislərdən yox, məhz sizi dəvət etdilər?
- Düşünürəm ki, burada mənim peşəkar fəaliyyətim böyük rol oynadı. Müxtəlif yaş qrupları üzrə həm kişi, həm də qadın yığmalarının baş məşqçisi olmuşam. Federasiya rəhbərliyi məşqçilik karyeramın ən xırda detalları ilə belə maraqlanırdı – dərhal hiss olunurdu ki, bunlar nə istədiklərini bilən ciddi insanlardır.
- İş prosesində sizə mane olmurlar? Kimlərin heyətə salınmalı, kimlərin kənarlaşdırılmalı olduğu ilə bağlı eyham vurmurlar?
- Qətiyyən yox. Federasiya prezidenti heç vaxt işimə qarışmayıb, hansısa “məsləhətlərdən” isə ümumiyyətlə söhbət gedə bilməz. Mən yığmanın heyətini İran çempionatının nəticələrinə əsasən müəyyənləşdirdim və turniri diqqətlə izlədim. Hətta çempion olmayan, mükafatçılar sırasına düşməyən bir neçə cüdoçunu da komandaya götürdüm – yenə də heç kim irad bildirmədi. Onlara da, mənə də yekun nəticə lazımdır.
Yeganə problem odur ki, iranlı idmançılar bəzi Avropa ölkələrinə viza almaqda çətinlik çəkirlər. Amma bu, artıq idmandan çox siyasətlə bağlı məsələdir.
- Yeri gəlmişkən, siyasət Los-Ancelesdə keçiriləcək Olimpiya Oyunlarına iranlı idmançıların buraxılmasına təsir göstərə bilməz ki?
- Xeyr, bu istisna olunur. İranın həmin Olimpiadada iştirakına dair möhkəm təminatlar var.
- Bəs bu il Bakıda keçiriləcək dünya çempionatında iştirak necə olacaq? İran millisi çıxış edəcəkmi?
- Əlbəttə. Biz kişilər arasında yeddi çəki dərəcəsindən dördündə mübarizə aparacağıq. Yeri gəlmişkən, İran 2018-ci ildən sonra ilk dəfə dünya çempionatında iştirak edəcək. Həmin turnir də Bakıda keçirilmişdi və o vaxt hələ İran adından çıxış edən Səid Mollai dünya çempionu olmuşdu. Düzdür, bu nəticəni təkrarlaya biləcəyimizə əmin deyiləm, amma ümid edirəm ki, doğma vətənim bizi medalsız qoymayacaq (gülür).

- Bəs niyə qardaşınızı yanınıza dəvət etmirsiniz və ilk dəfə bir komandada işləməyə cəhd göstərmirsiniz? Üstəlik, Bakıdakı dünya çempionatında…
- Onun işlə bağlı problemi yoxdur. Dediyim kimi, Fərhad “Atilla” cüdo klubunun direktorudur. Çətin ki, klubunu buraxıb İrana və ya başqa yerə getsin.
