“Kimsə özündənrazı davranarsa, buna dözə bilmərəm” - Azərbaycan cüdo millisinin baş məşqçisinin İDMAN.BİZ-ə MÜSAHİBƏSİ

Müsahibə
20 Oktyabr 2025 12:14
104
“Kimsə özündənrazı davranarsa, buna dözə bilmərəm” - Azərbaycan cüdo millisinin baş məşqçisinin İDMAN.BİZ-ə MÜSAHİBƏSİ

Azərbaycan cüdoçuları Meksikanın Qvadalaxara şəhərində keçirilən Qran-pri turnirində möhtəşəm nəticə göstəriblər. Yığmamız altı qızıl medal qazanaraq, ölkəmizin bu səviyyəli yarışlarda bütün dövrlər üzrə rekordunu yeniləyib.

Bu uğurda, şübhəsiz ki, komandamızın baş məşqçisi – alman mütəxəssis Rixard Trautmanın rolu böyükdür.

İdman.Biz oxucularına onunla eksklüziv müsahibəni təqdim edir:

– Bu il ərzində Balabəy Ağayevə bir neçə dəfə şans verilmişdi, amma o, gözlənilən nəticəni göstərə bilmirdi. İndi isə qalib gəldi. Bəs əgər bu dəfə də uğursuz olsaydı, yenə ona etimad göstərərdinizmi?

– Balabəy üçün bu il asan keçmədi, çünki zədələr onu çox yordu. Buna görə ilin əvvəlində formaya düşməkdə çətinlik çəkirdi. Ola bilsin, çoxları unudub, amma Balabəy bu ilin əvvəlində Düşənbədə keçirilən “Böyük Dəbilqə” turnirində qızıl medal qazanmışdı. Təəssüf ki, həmin yarışda – qalib olduğu anda – zədələndi. O, bizim üçün çox dəyərli idmançıdır, buna görə də səbrlə gözlədik ki, tam sağalsın. Məhz bu səbəbdən onu dünya çempionatına aparmadıq.

Balabəy çox çalışqan, intizamlı idmançıdır. Biz onun potensialına və gücünə həmişə inanmışıq. Yaxşı məşqçi idmançısının vəziyyətini düzgün qiymətləndirib planı buna uyğun qurmalıdır. O da Meksikada göstərdi ki, zədəsini tam sağaldıb formaya düşəndə, qalib gəlmək onun üçün çətin deyil.

– Ümumiyyətlə, siz çox səbirli insana bənzəyirsiniz. Nə sizi səbrdən çıxara bilər?

– Bəli, səbirli adamam. Amma komandada kiminsə özündənrazı davranmasına dözə bilmirəm. Belə hallar əvvəllər olurdu, indi isə demək olar ki, tam aradan qalxıb. Bu da mənim iş metodumun nəticəsidir.

– Hidayət Heydərovun Perudakı çıxışı ilə Meksikadakı çıxışı tam fərqli idi, halbuki yarışlar arasında çox az vaxt keçmişdi. Bu fərqi nəyə bağlayırsınız? Artıq demək olarmı ki, Hidayətin uğursuz dövrü geridə qaldı?

– Olimpiya Oyunlarından sonra Hidayətə qısa bir istirahət verdik. Fasilədən sonra məşqlərə əvvəlki tempdə qayıtmaqda bir qədər çətinlik çəkdi. Açığı, formaya tam uyğunlaşmaq onun üçün asan olmadı. Dünya çempionatında orta səviyyəli bir rəqibə uduzduqdan sonra bu, onun özünəinamına zərbə vurdu. Amma eyni zamanda o məğlubiyyət onun üçün bir siqnal oldu – məşqlərə daha ciddi yanaşmağa və motivasiyasını bərpa etməyə başladı.

Olimpiadadan sonra yalnız bir yarışda çıxış etmişdi və orada da cəmi bir görüş keçirmişdi. Özünəinam tam bərpa olunmadığından, Peru Qran-prisində üslubca ona uyğun gəlməyən rəqiblə qarşılaşdı və potensialını tam göstərə bilmədi. Həmin məğlubiyyətdən sonra bir anlıq “bəlkə də əvvəlki gücümü itirmişəm” deyə düşündü.

Yarışdan sonra mən və Elnur Məmmədli onunla çox danışdıq. Ona izah etdik ki, problem nə formadadır, nə texnikada - məsələ sırf psixoloji idi. O da bunu başa düşdü və növbəti yarışa udmaq-uduzmaq fikrindən uzaq, sırf döyüş ruhunu ortaya qoymaq məqsədilə çıxdı.

Nəticədə biz tam başqa Hidayət gördük: diqqətini düzgün məqamlara yönəltdi, gücünü düzgün bölüşdürdü və yarışın qalibi oldu. Bu iki turnir sübut etdi ki, yüksək səviyyəli yarışlarda nəticəni müəyyən edən təkcə fiziki forma deyil, idmançının mental hazırlığıdır.

– Bu iki Qran-pri “Qrand Slam”lardan səviyyəcə daha aşağıdır. Niyə bu yarışlara ikinci heyətlə yox, əsas heyətlə qatıldınız? İslam Oyunları öncəsi bu qədər riskə getməyə dəyərdimi? Axı zədə riski də var...

– Əslində, zədə istənilən vaxt baş verə bilər - istər yarışda, istərsə də məşq zamanı. Cüdo elə bir idman növüdür ki, zədələrin çoxu məhz məşqlərdə yaranır. İslam Oyunlarının önəmini çox yaxşı bilirik, amma əsas hədəfimiz qarşıdakı dünya çempionatıdır.

Bu səbəbdən, idmançılara əlavə yarış təzyiqi yaratmadan, onları ciddi hazırlıq prosesində saxlamaq istədik. Eyni zamanda, məqsədimiz o idi ki, püşkatmalarda idmançılarımız hər çəki dərəcəsində ilk “səkkizlik”də yer alsın. Yeni ildə yarış məcburiyyətinə düşməmək və reytinq xallarını sabitləşdirmək üçün bu yarışlara qatılmaq qərarına gəldik. Strategiyamız öz nəticəsini verdi - bir çox çəki dərəcəsində bu addım idmançılar üçün çox faydalı oldu.

– Bir çox finallarda siz şəxsən cüdoçuları tatamiyə çıxarırsınız. Dil baryeri olsa da, adətən qalib gəlirsiniz. Bu necə alınır?

– Bizim sistemdə hər şey planlı şəkildə gedir. Yarışdan əvvəl müəyyən olunur ki, həmin gün hansı idmançı ilə hansı məşqçi işləyəcək. Bu qərar həm texniki heyətin, həm də idmançıların fikri nəzərə alınaraq verilir.

Mən idmançılarla demək olar, hər gün bir yerdəyəm, onların xarakterlərini, hansı şəraitdə özlərini rahat hiss etdiklərini yaxşı bilirəm. Buna görə də aramızda anlaşma problemi olmur. Əgər hansısa idmançı yarış gərginliyi zamanı Azərbaycan dilli məşqçi ilə ünsiyyət qurmaq istəyirsə, biz bunu anlayışla qarşılayırıq və o, yerli məşqçi ilə tatamiyə çıxır.

Sadəcə, bəzi yarışlarda məşqçilərin sayı məhdud olur. Məsələn, eyni vaxtda üç cüdoçumuz döyüşürsə, iki-üç məşqçi onların hamısına eyni anda çatmaya bilər. Buna görə bəzən mən bir neçə idmançıya eyni anda kömək etməli oluram.

Məsələn, Turan Bayramov, Hidayət Heydərov və Zelim Kotsoyev adətən mənim onlara sekundantlıq etməyimi istəyirlər. Balabəy Ağayev, Ruslan Paşayev, Murad Fətiyev kimi idmançılar isə yerli məşqçilərlə işləməyə üstünlük verirlər. Meksikadakı yarışda da belə idi - Balabəy Ağayev, Ruslan Paşayev və Vüsal Qələndərzadəyə Elçin İsmayılov sekundantlıq edirdi.

Vüqar Vüqarlı

İdman.Biz