Zelim Kotsoyev yapon idmançının “yanan xalları” sayəsində dünya reytinqinə başçılıq etdi - İDMAN.BİZ-in İCMALI

11 May 2026 17:32
125
Zelim Kotsoyev yapon idmançının “yanan xalları” sayəsində dünya reytinqinə başçılıq etdi - İDMAN.BİZ-in İCMALI

Azərbaycanın cüdo üzrə Olimpiya çempionu Zelim Kotsoyev 100 kq çəki dərəcəsində dünya reytinqində Astanada (Qazaxıstan) keçirilən “Böyük Dəbilqə” seriyası turnirində iştirak etmədən liderliyə yüksəlib.

İdman.Biz-in məlumatına görə, Beynəlxalq Cüdo Federasiyası (IJF) ötən həftəsonu başa çatan Astana turnirinin nəticələrinə əsasən dünya reytinqini yeniləyib.

Yenilənmiş siyahıya əsasən, aprelin ortalarında Tbilisidə keçirilən Avropa çempionatında uğursuz çıxışdan sonra diskvalifikasiya olunan və həmin vaxtdan beynəlxalq arenada çıxış etməyən azərbaycanlı cüdoçu Zelim Kotsoyev (5120 xal) ikinci yerdən birinci pilləyə yüksəlib. Bu dəyişiklik əvvəllər lider olan yaponiyalı Dota Arai (4850 xal) reytinq xallarının azalması hesabına baş verib.

Maraqlıdır ki, Arai də Kotsoyev kimi Astanada keçirilən “Böyük Dəbilqə” turnirində iştirak etməyib. Zelim Kotsoyevin birinci yerə yüksəlməsi IJF-in reytinq xal sisteminin xüsusiyyətləri ilə bağlıdır. Beynəlxalq Cüdo Federasiyasının reytinq sistemində xallar daimi saxlanılmır: turnirdən sonra ilk bir il ərzində idmançı qazandığı xalların 100 faizini qoruyur, 12 aydan sonra bu xallar avtomatik olaraq yarıya endirilir, iki ildən sonra isə tamamilə silinir.

Məhz bu qayda yaponiyalı Dota Arai ilə bağlı vəziyyətə səbəb olub - onun ötən il Qazaxıstanda keçirilən “Böyük Dəbilqə” turnirində qazandığı qələbə artıq tam 1000 xal kimi hesablanmır və 500 xala endirilib. Nəticədə yapon cüdoçu liderliyini itirib, Kotsoyev isə Astanada çıxış etmədən dünya reytinqinin birinci pilləsinə yüksəlib.

Astanadakı həmin “Böyük Dəbilqə” turnirinə qayıtsaq, qeyd edək ki, Azərbaycan cüdoçuları arasında orada yeganə medal qazanan idmançı ağır çəkili Uşanqi Kokauri olub. O, turnirdə gümüş medal əldə edib. Bu nəticə sayəsində Kokauri 100 kq-dan yuxarı çəki dərəcəsində dünya reytinqində üç pillə irəliləyərək 4217 xalla ikinci yerə yüksəlib.

Azərbaycan yığmasının digər liderlərinin mövqeləri isə dəyişməz qalıb: Balabəy Ağayev (60 kq, 3658 xal) - 4-cü yer, Ruslan Paşayev (66 kq, 3413 xal) - 5-ci yer, Hidayət Heydərov (73 kq, 4046 xal) - 5-ci yer, Zelim Tskaev (81 kq, 3562 xal) - 5-ci yer və Murad Fətiyev (90 kq, 2656 xal) - 9-cu yer.

İdman.Biz