Atçılıq üzrə Azərbaycan nümayəndə heyəti Almaniyanın Aaxen şəhərində keçirilən “CHIO Aachen” tədbirində uğurlu çıxış edib.
İdman.Biz xəbər verir ki, Azərbaycan Respublikası Atçılıq Federasiyasının 150 nəfərdən artıq nümayəndə heyəti dünya atçılıq idmanının ən nüfuzlu tədbirlərindən biri sayılan mötəbər yarışda ölkəmizi təmsil edib.
1898-ci ildən təşkil olunan və bir əsrdən çox tarixə malik “CHIO Aachen” beynəlxalq atçılıq aləmində “Atçılıq idmanının Uimbldonu” kimi tanınır. Avropanın ən mötəbər konkur yarışlarından biri hesab edilən tədbirdə dünyanın aparıcı ölkələrinin atçılıq nümayəndələri, eləcə də dünya reytinqində ilk 100-lükdə yer alan tanınmış idmançılar iştirak ediblər.
Yarışlar Almaniyanın məşhur Soers kompleksində yerləşən və 40 min tamaşaçı tutumuna malik Hauptstadion arenasında baş tutub. Dünyanın müxtəlif ölkələrindən minlərlə tamaşaçı və beynəlxalq media nümayəndəsinin qatıldığı tədbir yüksək təşkilatçılığı və möhtəşəm atmosferi ilə yadda qalıb.
Tədbir çərçivəsində “Ceyms Bond” mövzusuna həsr edilən xüsusi “Horse & Symphony” proqramı təqdim olunub. Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin Hərbi Orkestrinin “CHIO Aachen” orkestr kollektivi ilə birgə çıxışı tamaşaçılar tərəfindən alqışlarla qarşılanıb.
Musiqi kompozisiyaları, atçılıq sənəti və səhnə elementlərinin vəhdəti şou proqramına xüsusi rəng qatıb. Qarabağ və Dilbaz atlarının iştirakı isə Azərbaycanın qədim atçılıq ənənələrinin beynəlxalq arenada tanıdılması baxımından diqqət çəkib.
Qarabağ və Dilbaz atlarının zərifliyi, çevikliyi və estetik görünüşü tamaşaçılarda böyük maraq doğurub. Milli musiqi elementləri və mədəni kompozisiyalar Azərbaycanın zəngin atçılıq mədəniyyətinin Avropada uğurlu təqdimatına çevrilib.
