“Azərbaycanın kişilərdən ibarət çövkən millisinin Bakıda keçirilən ikinci dünya çempionatının qalibi olması böyük uğurdur”.
Bunu Azərbaycan Respublikası Atçılıq Federasiyasının (ARAF) baş katibinin birinci müavini Elvin Məmmədxanov deyib.
O, turnirə qatılan bütün komandaların yüksək səviyyədə mübarizə apardığını söyləyib.
“Bakıda keçirilən çövkən üzrə II dünya çempionatı yüksək səviyyədə təşkil olunmuşdu. Azərbaycan millisinin çempionluğu qeyd etməsi də federasiya tərəfindən böyük uğur kimi qiymətləndirilir. Turnirdə iştirak edən bütün komandalar yaxşı oyun nümayiş etdirdilər. Xüsusilə Çili millisi turnirin ən güclü kollektivlərindən biri kimi diqqət çəkdi və finala qədər inamlı çıxışla seçildi. Ümumiyyətlə, turnirə qatılan bütün komandalar yüksək hazırlıq səviyyəsi nümayiş etdirdilər və çövkənin beynəlxalq inkişafına töhfə verdilər”, - deyə o, report.az-a açıqlamasında vurğulayıb.
ARAF rəsmisi gələcəkdə Binə Atçılıq Mərkəzində başqa yarışların təşkilinin planlaşdırıldığını söyləyib:
“Binə Atçılıq Mərkəzi kimi bir məkanda dünya çempionatı keçirilirsə, bu, həmin infrastrukturun beynəlxalq yarışların tələblərinə tam cavab verdiyini göstərir. Gələcəkdə də orada böyük turnirlərin təşkili nəzərdə tutulur. Planlaşdırılan tədbirlər barədə ictimaiyyətə ətraflı məlumat veriləcək”.
Qeyd edək ki, Azərbaycan millisi dünya çempionatının finalında Çilini 3:0 hesabı ilə məğlub edərək yarışın qalibi adını qazanıb.
