“Omar” Atçılıq Klubunda konkur yarışları keçirilib - FOTO

2 İyun 2026 10:39
70
“Omar” Atçılıq Klubunda konkur yarışları keçirilib - FOTO

“Omar” Atçılıq Klubunun təşkilatçılığı və Azərbaycan Atçılıq Federasiyasının dəstəyi ilə “Omar” kuboku uğrunda konkur yarışları keçirilib.

İdman.Biz xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti məlumat yayıb.

Yarışlarda “A” kateqoriyası üzrə 90-100 sm, “M” kateqoriyası üzrə isə 115-130 sm hündürlükdə maneələr qurulub və Azərbaycanın müxtəlif atçılıq klublarından idmançılar iştirak ediblər. Belə ki, 21 yaşadək idmançılar altı yaşadək atlarla, 21 yaşdan yuxarı idmançılar isə yaş məhdudiyyəti qoyulmayan atlarla mübarizə aparıblar.

“A” kateqoriyasında 24 idmançı qüvvəsini sınayıb. Yarışın qalibi “Respublika Atçılıq və Müasir Beşnövçülük üzrə İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin təmsilçisi Amena Gonizzi (“Pur-Pur”) olub. “Omar” Atçılıq Klubunun üzvü Məryəm Həbibova (“Kasparina”) ikinci, həmin məktəbin digər təmsilçisi Ayan Fərəcova (“Tibet”) üçüncü yeri tutub. “Elite” Atçılıq Klubunun idmançısı Mədinə Məmmədova (“Ayla”) dördüncü, “Omar” Atçılıq Klubunun təmsilçisi Nazkumsal Butayeva (“Tutu MNM”) isə beşinci olub.

“M” kateqoriyasında isə 13 idmançı mübarizə aparıb. “Elite” Atçılıq Klubunun təmsilçisi Seyid Musayev (“Zidan D”) birinci yerə layiq görülüb. “Omar” Atçılıq Klubunun üzvü Kənan Novruzov (“Tutu MNM”) ikinci, “Sərhədçi” Atçılıq Mərkəzinin təmsilçisi Ramil İbrahimov (“Şirin”) üçüncü olub. Kənan Novruzov bu dəfə “Miss Baloubet MNM” adlı atla dördüncü yeri tutub. İlk beşliyi “Elite” Atçılıq Klubunun təmsilçisi Anar Hümbətov (“Zirvə”) tamamlayıb.

Yarışın sonunda qaliblər mükafatlandırılıb. Birinci yeri tutan idmançılara “Omar” Kuboku, medal və fəxri diplom, ikinci və üçüncü yerlərin sahiblərinə medal və fəxri diplom, dördüncü və beşinci yerləri tutan iştirakçılara isə fəxri diplom təqdim olunub.

İdman.Biz