Qarabağ atları Vindzorda yenidən alqışlandı - FOTO

19 May 2026 09:49
143
Qarabağ atları Vindzorda yenidən alqışlandı - FOTO

Atçılıq sahəsində dünyanın nüfuzlu tədbirlərindən sayılan “Vindzor Kral Atçılıq Şousu - 2026” uğurla başa çatıb.

İdman.Biz xəbər verir ki, Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Kral Ailəsinin üzvlərinin şərəfinə ənənəvi olaraq hər il təşkil edilən tədbirdə Azərbaycan növbəti dəfə layiqincə təmsil olunub.

Ölkəmizin 2012-ci ildən dəvət aldığı “Vindzor Kral Atçılıq Şousu” Azərbaycanın qədim və unikal mədəniyyətinin təbliği üçün vacib platformalardan birinə çevrilib.

Heydər Əliyev Fondunun dəstəyi və Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə Dövlət Sərhəd Xidmətinin süvarilər dəstəsi və “Sərhədçi” rəqs ansamblı tədbirdə xüsusi proqramla çıxış edib. Milli geyimlər, musiqi nümunələri və Qarabağ atları üzərində nümayiş olunan igidlik səhnələri tamaşaçılar tərəfindən maraqla qarşılanıb.

Tədbir günlərində 20 dəqiqə davam edən şou-proqramlarda süvarilər dəqiqliyi, çevikliyi və yüksək peşəkarlığı ilə seçiliblər. Milli musiqi alətlərində səslənən ifalar və rəqs ansamblının enerjili çıxışları Böyük Britaniya tamaşaçısının rəğbətini qazanıb.

“Vindzor Kral Atçılıq Şousu” çərçivəsində Azərbaycanın zəngin mədəniyyətini əks etdirən sənət nümunələri də təqdim olunub. Heydər Əliyev Fondunun təşkil etdiyi Azərbaycan pavilyonu qonaqların marağına səbəb olub və ziyarətçilərə ölkəmizin mədəni irsi barədə ətraflı məlumat verilib.

İdman.Biz