Çövkən Liqasında “Buta Qolden” “Polad”la üz-üzə gələcək

30 Aprel 2026 10:05
150
Çövkən Liqasında “Buta Qolden” “Polad”la üz-üzə gələcək

Peşəkar Çövkən Liqasında mübarizə getdikcə daha da gərgin xarakter alır. Mayın ilk günlərində baş tutacaq altıncı turun oyunları bir sıra maraqlı qarşılaşmalarla diqqət çəkəcək.

İdman.Biz Atçılıq Federasiyasına istinadən xəbər verir ki, ötən turda “Atilla”nın qapısından 13 cavabsız top keçirən “Buta Qolden” bu dəfə “Polad”la üz-üzə gələcək.

Komanda həmin yüksək məhsuldarlığın təsadüfi olmadığını sübut etməyə çalışacaq. “Polad” isə son turda “Sərhədçi”yə məğlub olaraq şərikli liderliyi itirməsinin əvəzini çıxmaq niyyətindədir.

Lakin bu turda “Sərhədçi”nin xal itirməsi o qədər də real görünmür. Belə ki, komanda hələ də xal qazana bilməyən “Xəzər”lə qarşılaşacaq.

Turnir cədvəlinin 3-cü pilləsində qərarlaşan “Embawood” sonuncu - 10-cu yerdə olan “Atilla” ilə üz-üzə gələcək. Kağız üzərində favorit sayılan tərəf “Embawood”dur və gözlənilməz nəticə baş verməzsə, növbəti 3 xalı aktivinə yazacaq.

Turun digər maraqlı qarşılaşmalarından biri orta pillələrdə qərarlaşan “Elite” və “Zəfər” komandaları arasında olacaq. Həmçinin turun açılış oyunu olan “Şamaxı” – “Omar” görüşü də azarkeşlər tərəfindən maraqla gözlənilir.

Qeyd edək ki, turun bütün oyunları Binə Atçılıq Mərkəzində keçiriləcək.

İdman.Biz