Fərid Eyvazov: “Bakıdakı dünya çempionatı dostluq, idman ruhu və beynəlxalq əməkdaşlığın göstəricisidir”

6 İyun 2026 18:08
135
Fərid Eyvazov: “Bakıdakı dünya çempionatı dostluq, idman ruhu və beynəlxalq əməkdaşlığın göstəricisidir”

“Bakıda keçiriləcək çövkən üzrə dünya çempionatı yalnız qalibləri müəyyən edən yarış deyil, eyni zamanda dostluq, idman ruhu və beynəlxalq əməkdaşlığın göstəricisidir”.

Bunu Beynəlxalq Çövkən Federasiyasının icraçı direktoru Fərid Eyvazov deyib.

Qurum rəsmisi azarkeşləri həyəcanlı oyunların gözlədiyini bildirib.

“Bu mötəbər yarışın təşkilində göstərilən dəstəyə görə Binə Atçılıq Mərkəzinə və Dövlət Sərhəd Qoşunlarına xüsusi minnətdarlığımızı bildiririk. Onların dəstəyi sayəsində çövkən beynəlxalq səviyyədə daha da inkişaf edir və qədim idman ənənələri yaşadılır. Bu yalnız qalibləri müəyyən edən yarış deyil, eyni zamanda dostluq, idman ruhu və beynəlxalq əməkdaşlığın göstəricisidir. Bütün komandalara uğurlar arzulayır və azarkeşləri həyəcanlı oyunların gözlədiyini əminliklə bildiririk”, - deyə o, report.az-a açıqlamasında söyləyib.

O, ötənilki qalibin yenə də favorit olduğunu deyib:

“Beynəlxalq Çövkən Çempionatı çərçivəsində çox maraqlı və yüksək rəqabətli oyunların şahidi olacağıq. Müxtəlif ölkələri təmsil edən güclü komandalar meydanda öz bacarıqlarını nümayiş etdirəcək və bu da çempionata xüsusi dinamika qatacaq. Ötən qitə çempionatının qalibi bu il də favoritlər sırasında qalır. Lakin çövkən elə bir oyundur ki, burada hər nəticə meydanda müəyyən olunur. Hər komandanın qalib olmaq şansı var və məhz bu amil yarışları daha maraqlı və gözlənilmez edir”.

Qeyd edək ki, dünya çempionatı 7-13 iyunda Binə Atçılıq Mərkəzində keçiriləcək.

İdman.Biz