“Mercedes” komandasının rəhbəri Toto Volff “Ferrari” pilotu Lyuis Hemiltonun “Formula-1” üzrə dünya çempionluğu uğrunda mübarizəyə qoşulmasından narahatdır.
İdman.Biz xəbər verir ki, yeddiqat dünya çempionu Kanada, Monako və Barselonada keçirilən son üç Qran-pridə fəxri kürsüyə yüksəlib.
Hemilton ardıcıl iki yarışda ikinci yeri tutduqdan sonra Barselona-Katalunya Qran-prisində “Ferrari” ilə ilk qələbəsini qazanıb. Çempionatın lideri Kimi Antonellinin texniki nasazlıq səbəbindən mübarizəni dayandırması nəticəsində britaniyalı pilot liderlə xal fərqini 41-ə endirib.
Bu, 2021-ci ildən sonra ilk dəfədir ki, Hemilton çempionluğa real namizəd kimi qiymətləndirilir. Yeni güc qurğusu qaydaları 41 yaşlı pilotun əvvəlki səviyyəsinə qayıtmasına kömək edib. “Ferrari”nin son yenilikləri də komandanın “Mercedes”ə yaxınlaşmasını təmin edib.
Toto Volff keçmiş pilotu ilə çempionluq uğrunda mübarizə aparmaq istəmədiyini bildirib:
“Onun nəyə qadir olduğunu bildiyim üçün çempionluq uğrunda Hemiltona qarşı mübarizə aparmaq istəməzdim. O, qan qoxusunu alan kimi irəli atılır. Bunu uzun illər ərzində görmüşəm. Birdən-birə Lyuis Hemilton qatarı hərəkətə başlayır və onu dayandırmaq çox çətin olur”.
Avstriyalı funksioner Hemiltonun çempionluq yarışında olduğunu təsdiqləyib:
“Mövsümün hələ çox erkən mərhələsindəyik. Fərq cəmi 41 xaldır. Bir dəfə finişə çata bilməmək sizi 25 xaldan məhrum edir və mübarizə tamamilə açıq qalır”.
Volff “Mercedes”in texniki problemləri aradan qaldırmalı olduğunu da vurğulayıb:
“Buna görə də yarışları başa vurmamaq kimi bir imkanımız yoxdur. Bolidi və güc qurğusunu inkişaf etdirməli, səhvlərə yol verməməli, strategiyada ağıllı davranmalı və daim diqqətli olmalıyıq”.
