Müharibə Bəhreyn Qran-prisinin ünvanını dəyişdi: “Formula-1” Sepanqa qayıdır

26 İyul 2026 17:39
96
Müharibə Bəhreyn Qran-prisinin ünvanını dəyişdi: “Formula-1” Sepanqa qayıdır

“Formula-1” üzrə Bəhreyn Qran-prisi 2-4 oktyabr tarixlərində Malayziyanın Sepanq trasında keçiriləcək.

İdman.Biz xəbər verir ki, “Formula-1” və FIA bununla bağlı razılığın əldə olunduğunu açıqlayıb. Yarış rəsmi olaraq “Malayziyada Bəhreyn Qran-prisi” adı altında təşkil olunacaq. Qərarın qüvvəyə minməsi üçün yekun razılaşmaların tamamlanması və FIA Dünya Motor İdmanı Şurasının təsdiqi tələb olunur.

Bəhreyn və Səudiyyə Ərəbistanı Qran-priləri Yaxın Şərqdəki vəziyyətə görə aprel ayında keçirilməyib. Bundan sonra “Formula-1” rəhbərliyi təqvimdə Bəhreyn mərhələsinin saxlanılması üçün alternativ variantlar üzərində işləyib.

“Formula-1”, FIA, Bəhreyn və Malayziya hökumətləri arasında əldə olunan razılığa əsasən, yarış Sepanq Beynəlxalq Avtodromunda keçiriləcək. Beləliklə, “Formula-1” 2017-ci ildən sonra ilk dəfə bu trasa qayıdacaq.

Yeni mərhələ Azərbaycan və Sinqapur Qran-prilərinin arasına yerləşdirilib. Azərbaycan Qran-prisi 24-26 sentyabrda keçiriləcək və əsas yarış 26 sentyabr - şənbə günü baş tutacaq. Ardınca 2-4 oktyabrda Malayziyada Bəhreyn Qran-prisi, 9-11 oktyabrda isə Sinqapur Qran-prisi təşkil olunacaq.

Təqvimin digər hissəsinin dəyişməz qalacağı açıqlanıb.

İdman.Biz