“Mercedes”in britaniyalı pilotu Corc Rassell “Formula-1” üzrə Belçika Qran-prisində keçmiş komanda yoldaşı Lyuis Hemiltonla toqquşduqdan sonra yarışdan kənarda qalıb.
İdman.Biz xəbər verir ki, qəza yarışın ilk dövrəsində baş verib. Qələbə uğrunda mübarizə aparmağı planlaşdıran Rassell finişə çata bilməyib və çempionatda komanda yoldaşı Kimi Antonelli ilə arasındakı xal fərqini azaltmaq imkanını itirib.
Rassell hadisəni yarış insidenti kimi qiymətləndirib:
“Düzlükdə tamamilə geridə qaldım və beşinci döngəyə qədər üç mövqe itirdim. Baş verənlər yarış insidenti idi. Bəlkə, mən bir qədər daha geniş hərəkət edə bilərdim. Bəlkə də o, bir az daha tez əyləcə basa bilərdi”.
Stüardlar hadisədə “Ferrari” pilotu Hemiltonu təqsirli hesab edərək ona beş saniyəlik cəza veriblər.
Rassell bütün həftəsonu avtomobilinin düzlüklərdə sürət çatışmazlığı ilə üzləşdiyini də vurğulayıb. Onun sözlərinə görə, texniki problem olmasaydı, toqquşma da baş verməyə bilərdi:
“Düzlükdə lazımi sürətə malik olsaydım, bu insident yaşanmazdı. Çox məyusam. Hamının problemi həll etmək üçün çalışdığını anlayıram, amma yarışın beşinci dövrəsində mən artıq burada dayanmışam”.
Britaniyalı pilot startdan sonra liderlik uğrunda mübarizə aparmaq üçün yaxşı mövqedə olduğunu, lakin qəfil güc itkisi səbəbindən bütün şanslarını itirdiyini bildirib:
“Birinci döngədə liderlik uğrunda mübarizə aparmaq üçün yaxşı vəziyyətdə olduğumu düşünürdüm. Sonra birdən güc yoxa çıxdı və hər şey bitdi”.
