“Formula 1” üzrə dördqat dünya çempionu Maks Ferstappenlə “Red Bull” arasında münasibətlərin pozulduğu iddia olunur.
İdman.Biz “Sky Sports”a istinadən xəbər verir ki, bu barədə sabiq pilot Ralf Şumaxer danışıb.
Altı Qran-pri qalibi tərəflər arasındakı gərginliyin artıq birtərəfli olmadığını bildirib. Onun sözlərinə görə, əsas məsələ Ferstappenin müqaviləsindəki ayrılma bəndidir.
Bu bənd niderlandlı pilotun 2028-ci ildə başa çatacaq müqavilədən əvvəl komandadan getməsinə imkan yarada bilər.
Şumaxer “Backstage Boxengasse” podkastında “Red Bull” daxilində də narazılığın olduğunu deyib:
“Bu həftə ən böyük mövzu, əlbəttə ki, “Red Bull”dur. Maks Ferstappenlə bağlı şayiələrin getdikcə gücləndiyini hiss edirəm. Paddokda çox danışıq var. Görünür, tərəflər arasındakı pərdə xeyli cırılıb”.
Almaniyalı sabiq pilot Red Bull rəhbərliyinin də Ferstappenin davranışından narazı qaldığını vurğulayıb. Onun sözlərinə görə, komanda rəhbərliyi Maksın Red Bull Ring-də ayrılma bəndini aktivləşdirməyəcəyini açıq şəkildə deməməsini pis qarşılayıb.
Ferstappen Britaniya Qran-prisindən sonra da narazılığını gizlətməyib. O, Silverstone-da yarışı yarımçıq başa vurub və RB22 bolidindəki texniki problemlərə görə məyusluq yaşayıb.
Qeyd edək ki, 2026-cı il mövsümündə yeni texniki reqlament fonunda Red Bullun vəziyyəti Ferstappenin gələcəyi ilə bağlı sualları daha da artırıb.
