“Formula-1” üzrə yeddiqat dünya çempionu Lyuis Hemilton 2026-cı il mövsümünün gedişində “Mercedes”in mühərrik cəzaları ilə üzləşə biləcəyini düşünür.
İdman.Biz xəbər verir ki, bu barədə “RacingNews” məlumat yayıb.
“Mercedes” W17 bolidi ilə mövsümün ən sürətli maşınına sahib olsa da, komanda etibarlılıq problemləri ilə üzləşib. Corc Rassell Kanada Qran-prisində, Kimi Antonelli isə Barselona mərhələsində güc qurğusu ilə bağlı problemə görə mübarizəni dayandırıb. Antonelli Böyük Britaniya Qran-prisində də Şarl Lekleri təqib etdiyi vaxt təkər qoruyucusundakı nasazlıq səbəbindən yarışdan kənarda qalıb.
Bunun əksinə olaraq, “Ferrari” 2026-cı ildə güc qurğusunun etibarlılığı ilə seçilib. Komandanın yeganə yarışı yarımçıq dayandırması Monakoda baş verib. Həmin vaxt Lekler əyləc problemi səbəbindən baryerlərə çırpılıb.
Mövsümün doqquzuncu mərhələsindən sonra “Ferrari” Konstruktorlar Kubokunda “Mercedes”dən 78 xal geri qalır. Hemilton şəxsi hesabda lider Antonellidən 32, ikinci pillədəki Rasselldən isə yeddi xal az toplayıb.
Rassellin Monrealdakı mübarizəni dayandırması zamanı ona ayrılan batareyalardan biri ciddi şəkildə sıradan çıxıb. Həmin detal təhlükəsizlik səbəbindən təyyarə ilə daşına bilmədiyi üçün dəniz yolu ilə Avropaya göndərilib.
Hemilton hesab edir ki, bu vəziyyət mövsümün sonrakı hissəsində “Mercedes” üçün start düzülüşü cəzasına səbəb ola bilər:
“Mən çox təsirlənmişəm. Mövsümə başlayanda bilirdik ki, proseslərimizi və yarış həftəsonlarında icra səviyyəmizi artırmalıyıq. Bu, ötən ildən üzərində çalışdığımız məsələ idi.
Komandadakı hər bir insan öz töhfəsini verir və ən yaxşısını ortaya qoyur. Qarajdakı uşaqlar pit-stoplar üçün çox çalışırlar. Pit-stoplarımız əladır. Zavodda çalışanların hamısı da bu sabitliyi təmin etmək üçün böyük əmək sərf edib. Düşünürəm ki, bu il fərqi yaradan əsas məqam məhz bu olacaq.
Ümumilikdə mühərriklərdə əvvəlki illərlə müqayisədə daha çox problem görürük. Corc və Kimi ilə bağlı batareya məsələsində vəziyyətin necə olduğunu bilmirəm. Amma müəyyən mərhələdə cəza olmalıdır. Çünki, məncə, bizim yalnız iki batareya hüceyrəmiz və ya buna bənzər limitimiz var.
Bizim üçün əsas məsələ bunu qoruyub saxlamaq, mümkün qədər çox xal toplamaq və qalib gələ bilmədiyimiz yarışlarda belə, işi maksimum səviyyədə icra etməkdir”.
“Ferrari” uzun fasilədən sonra çempionluq həsrətinə son qoymaq üçün mübarizəni davam etdirir.
