“Formula-1”də yay fasiləsi yaxınlaşdıqca pilot bazarında hərəkətlilik artır.
İdman.Biz xəbər verir ki, 2026-cı il mövsümündə əsas qərarların Macarıstan Qran-prisi ərəfəsində və ya həmin yarış həftəsonunda veriləcəyi gözlənilir. Diqqət mərkəzində isə Maks Ferstappen və Fernando Alonsonun gələcəyi dayanır.
Əsas sual Ferstappenlə “Red Bull” arasında danışıqların necə yekunlaşacağıdır. Komandanın Avstriyada təqdim etdiyi yenilənmə paketi ilk andan ümidverici təsir bağışlayıb. Paddokda hesab olunur ki, bu inkişaf niderlandlı pilotun gələcək qərarında mühüm rol oynaya bilər.
Ferstappen “Red Bull”a sədaqətini heç vaxt şübhə altına salmayıb. Bununla belə, mövsümə gözləniləndən zəif başlanılması və komandanın uzun müddət rəqiblərinə çatmağa çalışması onun gələcək rəqabət qabiliyyəti ilə bağlı təminat istəməsini anlaşılan edir.
Niderlandlı pilotun komanda üçün əhəmiyyətini nəzərə alsaq, “Red Bull” rəhbərliyinin onu saxlamaq üçün bütün imkanlardan istifadə edəcəyi gözlənilir. Yay fasiləsinə qədər qalan yarışlar tərəflərin razılığa gəlməsi üçün kifayət edə bilər. Bu halda 28 yaşlı pilot hazırkı müqaviləsinin bitəcəyi 2028-ci ildən sonrakı dövr üçün də komandaya bağlılığını təsdiqləyə bilər.
Sızan məlumatlara görə, Ferstappenin müqaviləsində tez-tez müzakirə olunan çıxış bəndi Macarıstan Qran-prisindən sonra aktivləşə bilər.
Macarıstan yarışı Fernando Alonso üçün də həlledici ola bilər. Onun meneceri Flavio Briatore ikiqat dünya çempionunu dördüncü dəfə Enstone bazalı komandaya qaytarmaq istəyir. Bu dəfə layihənin “Gucci” ilə əməkdaşlıq fonunda qurula biləcəyi bildirilir.
İspaniyalı pilot 2023-cü ildə də transfer qərarını Macarıstan yarışı həftəsonunda vermişdi. “RacingNews”un məlumatına görə, Alonso 2027-ci il ərəfəsində Silverstone bazalı komandanın ümid vəd edib-etmədiyini görmədən qərar vermək istəmir.
“Haas” da Esteban Okonla bağlı addımını Macarıstan qran-prisi ətrafında ata bilər. Son həftələrdə paddokda “Haas”la Okonun əməkdaşlığı 2026-cı ildən sonra davam etdirməyəcəyi barədə iddialar yayılıb. Okonun yerinə bir neçə pilot namizəddir. Əgər Alonso komandadan ayrılsa, 29 yaşlı Okon onun mümkün əvəzedicilərindən sayılır. O, Qran-pri qalibi olması, 2026-cı il reqlamenti çərçivəsində yarış təcrübəsi və “Aston Martin”in digər pilotu Lans Strollla yaxın münasibətinə görə uyğun namizəd hesab olunur.
