“Mersedes”in rəhbəri Toto Volf komandanın pilotu Corc Rassellin Britaniya Qran-prisində ikinci yeri tutmasından sonra ona müraciət edib.
İdman.Biz xəbər verir ki, 28 yaşlı pilot Silverstoundakı çətin həftəsonuna baxmayaraq, 18 xal qazanmağı bacarıb. Rassell sürət baxımından komanda yoldaşı Kimi Antonellidən geri qalıb və yarışın gedişində təkəri deşilib.
Bununla belə, britaniyalı Antonellinin üzləşdiyi texniki problemdən, Maks Ferstappenin qəzasından və “Ferrari”nin təhlükəsizlik avtomobili trasda olarkən Lyuis Hemiltonu pit-stopa çağırmasından yararlanaraq ikinci yerə yüksəlib. Rəsmi nəticələrə əsasən, Rassellin bu nəticəsindən sonra Antonellinin çempionatdakı üstünlüyü 25 xala enib.
Yeddi Qran-pri qalibi üç mərhələ əvvəl liderdən 68 xal geri qalsa da, hazırda fərqi əhəmiyyətli dərəcədə azaltmağı bacarıb.
Rassell mövsümün ilk hissəsində bir sıra uğursuzluqlarla üzləşib. Son yarışlarda isə Antonellinin problemləri britaniyalı pilotun çempionatdakı vəziyyətini yaxşılaşdırmasına imkan verib.
Toto Volf şansın Rassellin üzünə gülməyə başladığı barədə suala cavab verərkən hər iki pilotuna açıq mesaj göndərib:
“Şansınızı özünüz yaratmalısınız. Silverstounda Corc özünü rahat hiss etmədiyi bolidlə mübarizəni davam etdirdi. Sonda Maks qəzaya uğradı. Lyuis qələbə uğrunda mübarizə aparmaq istəyərək pit-stopa yollandı. Ümid edirəm ki, bu nəticə Corca müsbət impuls verəcək”.
Avstriyalı mütəxəssis komandanın mövsümdəki əsas probleminin etibarlılıq olduğunu da vurğulayıb.
Rassell Kanada Qran-prisində mümkün qələbəni əldən verib. Antonelli isə Barselonada ikinci yeri, Silverstounda isə qələbə şansını texniki problemlər səbəbindən itirib.
“Ümumilikdə həddindən artıq çox yarışı başa vura bilməmişik. Üç qələbə ola bilərdi, amma nəticədə bir ikinci yer və iki qələbə qazandıq. Konstruktorlar və pilotlar çempionatı uğrunda mübarizə aparmaq üçün bu problemi aradan qaldırmalıyıq. Güclü bolidimiz və yüksək səviyyəli pilotlarımız var, lakin əsas problem etibarlılıqdır. Zavodlarımızdakı hər kəs bunun həlli üzərində çalışır”, - deyə Volf bildirib.
