“Formula-1” üzrə sabiq pilot Xuan Pablo Montoya Maks Verstappeni “MakLaren”ə mümkün keçidlə bağlı diqqətli olmağa çağırıb.
İdman.Biz xəbər verir ki, kolumbiyalı keçmiş sürücü Uokinq təmsilçisində həyatın Verstappen üçün sadə olmayacağını bildirib.
Son həftələrdə niderlandlı pilotun “Red Bull”dakı gələcəyi ilə bağlı söz-söhbətlər artıb. Konstruktorlar Kubokunun son qalibi “MakLaren” onun karyerasını davam etdirə biləcəyi ən real komanda kimi göstərilir.
Lakin “MakLaren Racing”in baş direktoru Zak Braun bu iddiaları dəfələrlə təkzib etməyə çalışıb. Bundan başqa, Lando Norris və Oskar Piastrinin komanda ilə uzunmüddətli müqavilələri var.
2005 və 2006-cı illərdə bir il yarım “MakLaren”də çıxış edən Montoya şəxsi “MontoyAS” podkastında yayılan xəbərlərə münasibət bildirib. Onun Verstappenə mesajı konkret olub: “Bunu etmə”.
Yayılan iddiaların bir hissəsi Verstappenin uzun müddətdir yarış mühəndisi olan Canpyero Lambiase ilə bağlıdır. Mütəxəssisin 2028-ci ildə baş yarış direktoru vəzifəsində “MakLaren”ə qoşulacağı gözlənilir. Lakin Montoya bununla bağlı gözləntiləri azaltmağa çalışıb.
“Əvvəla, Canpyero yarış mühəndisi olmayacaq. O, daha yüksək rəhbər vəzifədə çalışacaq. Buna görə də bu, onun işi olmayacaq. Maks həmin istiqamətdə getsə, Lambiase orada olacaq, amma iyerarxiyada daha yüksək mövqe tutacaq. Onlar birbaşa təkbətək işləməyəcəklər”, - yeddi Qran-pri qalibi bildirib.
Kolumbiyalı sabiq pilot Lambiasenin özünün də yeni mühitə uyğunlaşmalı olacağını vurğulayıb:
“Canpyero üçün də bu keçid tamamilə yeni dünya olacaq. Yeni proqramlar, yeni düşüncə tərzi və işlərin tamamilə fərqli görülmə üsulu. Canpyero da bunların hamısını öyrənməlidir. Bu, bir gecədə baş vermir. Bu, məsələnin bir tərəfidir”.
