“Formula-1” üzrə “Maklaren” komandasının avstraliyalı pilotu Oskar Piastri MCL40 bolidinin fərqli hava şəraitində üzləşdiyi problemlərdən danışıb.
İdman.Biz xəbər verir ki, pilot Britaniya Qran-prisində küləyin komandanın zəif tərəflərini üzə çıxardığını bildirib.
“Maklaren” Silverstounda sürət baxımından “Mercedes”, “Ferrari” və “Red Bull”dan geri qalaraq həftəsonunun dördüncü ən güclü komandası təsiri bağışlayıb. Piastri təsnifat mərhələsini səkkizinci pillədə başa vurub.
Silverstoun trasının keçmiş hərbi hava bazasının ərazisində yerləşməsi burada tez-tez güclü və dəyişkən küləyin müşahidə olunmasına səbəb olur. “Maklaren”in rəsmi hesabatında da həftəsonu ərzində küləkli hava şəraitinin komanda üçün çətinlik yaratdığı qeyd olunub.
Piastri küləyin və dəyişkən şəraitin MCL40 bolidini komandanın rahat işlədiyi diapazondan çıxardığını söyləyib:
“Silverstoundakı şəraitin zəif olduğumuz sahələri üzə çıxardığını düşünürəm. Trasda ilişmə səviyyəsi yüksək və şərait sabit olduqda mübarizəyə qoşula və ya rəqiblərimizə yaxın ola bilirik. Hər şey sabit görünəndə yaxşı təsir bağışlayır və bəzi problemlərimizi gizlədə bilirik”.
Avstraliyalı pilot çətin şəraitdə bolidin çatışmazlıqlarını gizlətməyin mümkün olmadığını vurğulayıb:
“Silverstoundakı təsnifat mərhələsində şərait çox çətin idi və gizlənməyə yer yox idi. Buna görə problemlə üzləşməyimiz və rəqiblərdən bu qədər geri qalmağımız böyük sürpriz deyil”.
Piastri komandanın üzərində işləməli olduğu konkret sahələrin müəyyənləşdirildiyini bildirib:
“İnkişaf etdirmək istədiyimiz sahələr bəllidir. Şərait bir qədər çətinləşəndə problemlə üzləşdiyimiz açıq görünür. Kanada və Monakoda təkərləri lazımi temperatura çatdırmaq çətin olanda bunu gördük. Güclü küləkdə və hər şey rahatlıq zonamızdan bir qədər kənara çıxanda da çətinlik yaşayırıq”.
Britaniya Qran-prisində “Maklaren”in digər pilotu Lando Norris dördüncü yeri tutub. Komanda Silverstoun həftəsonunu ümumilikdə 20 xalla başa vurub.
