Hemilton rəqiblərinə xəbərdarlıq etdi

29 İyul 2026 11:19
116
Hemilton rəqiblərinə xəbərdarlıq etdi

“Ferrari” komandasının “Formula-1” pilotu Lyuis Hemilton mövsümün ikinci yarısında daha güclü çıxış edəcəyini bildirib.

İdman.Biz xəbər verir ki, 41 yaşlı sürücü yay fasiləsinə şəxsi hesabda ikinci pillədə yollanıb. Hemilton mövsüm ərzində bir qələbə qazanıb və keçirilən bütün yarışlarda ilk altılıqda yer alıb. O, çempionatın lideri Kimi Antonellidən 50 xal geri qalır.

Hemilton “Ferrari”nin mövsümün ilk hissəsində bolidin inkişafı istiqamətində gördüyü işləri yüksək qiymətləndirib:

“Birinci yarı bizim üçün əla keçdi. Temp və güc baxımından müəyyən qədər geri qalmağımıza baxmayaraq, komanda çox çalışır. Demək olar ki, hər yarış həftəsonu yeniliklər gətirmişik. Ümid edirəm ki, ikinci yarıda da yeniliklərimiz olacaq və mübarizəni davam etdirəcəyik”.

Britaniyalı pilot mövsümün qalan hissəsi ilə bağlı nikbin olduğunu vurğulayıb:

“Düşünürəm ki, ikinci yarıda daha güclü olacağam. Adətən mövsümün ikinci hissəsi mənim üçün daha uğurlu keçir. Bu fasilədən dincəlmək, daha güclü, fiziki və psixoloji baxımdan daha yaxşı hazırlaşaraq qayıtmaq üçün istifadə edəcəyəm”.

İdman.Biz