“Red Bull”un F1 mövsümünə zəif başlamasının iki səbəbi açıqlandı

2 Avqust 2026 13:59
99
“Red Bull”un F1 mövsümünə zəif başlamasının iki səbəbi açıqlandı

Avstriyanın “Red Bull” “Formula-1” komandasının texniki direktoru Pyer Vaşe kollektivin 2026-cı il mövsümünə zəif başlamasının iki əsas səbəbini açıqlayıb.

İdman.Biz xəbər verir ki, fransalı mütəxəssis “Mersedes” və “Ferrari”nin qış fasiləsində daha yaxşı işlədiyini bildirib. O, Maks Ferstappenin 2025-ci ildə çempionluq uğrunda son yarışadək mübarizə aparmasının da yeni bolidin hazırlığına təsir göstərdiyini qeyd edib.

“Red Bull”un RB22 bolidi Melburndakı ilk mərhələdə liderlərdən təxminən bir saniyə geri qalıb. Komanda güc qurğusu və ümumi paketdəki etibarlılıq problemləri səbəbindən ilk üç yarışın ikisini nəticəsiz başa vurub.

Ferstappenin Albert Parkda qazandığı altıncı yer həmin dövrdə komandanın ən yaxşı nəticəsi olub. “Red Bull” ilk üç mərhələdə cəmi 16 xal toplayıb.

Mayami Qran-prisində təqdim edilən aerodinamik yeniliklər və bolidin çəkisinin azaldılması liderlərlə fərqin təxminən yarıya enməsinə kömək edib. Niderlandlı pilot bu mərhələyə ön sıradan başlayıb və sonrakı yarışlarda mütəmadi xal qazanıb.

“Red Bull” Konstruktorlar Kubokunda 177 xalla dördüncü pillədə qərarlaşıb. “Mersedes” 379, “Ferrari” isə 307 xal toplayıb.

Vaşe komandanın mövsümün əvvəlindən irəliləyiş əldə etdiyini, lakin arzulanan səviyyəyə çatmadığını bildirib:

“Əsas məqam mövsümə geridə başlamağımız və sonradan inkişaf etməyimizdir. Komanda böyük iş görüb. Hələ olmaq istədiyimiz yerdə deyilik, ancaq problemləri müəyyənləşdirərək daha yaxşı nəticələr qazanmağa çalışırıq”.

Onun sözlərinə görə, Ferstappenin Lando Norris və Oskar Piastri ilə 2025-ci il çempionluğu uğrunda son mərhələyədək mübarizə aparması “Red Bull”un yeni texniki reqlamentə hazırlıq müddətini azaldıb. Oxşar vəziyyət ötən mövsüm bolidini uzun müddət inkişaf etdirən “Maklaren”ə də təsir göstərib.

İdman.Biz