Ferstappenin tələbi “Mercedes-AMG”ni qəzəbləndirdi

17 İyun 2026 15:37
115
Ferstappenin tələbi “Mercedes-AMG”ni qəzəbləndirdi

“Formula-1” üzrə dördqat dünya çempionu Maks Ferstappenin qələbə uğrunda ən xırda detallara qədər getməsi “Mercedes-AMG” komandasında narazılıq yaradıb.

İdman.Biz xəbər verir ki, bu barədə təcrübəli avtomobil yarışçısı Renger van der Zande “Ziggo Sport”a açıqlamasında danışıb.

O, Le-Manda Ferstappenin Nürburqrinqdəki GT proqramına yaxından bələd olan şəxslə söhbət etdiyini bildirib. Həmin şəxs niderlandlı pilotu mükəmməllik axtarışında “fanatik” adlandırıb:

“O, insanlardan, texnologiyadan, hətta amortizatorlardan belə maksimum nəticə almaq üçün son həddə qədər gedir”.

Van der Zandenin sözlərinə görə, Ferstappen bir dəfə Fransadakı tanışından aldığı amortizatorlarla dolu qutunu komandaya gətirib və onların avtomobildə istifadə olunmasını tələb edib.

“Mercedes-AMG” bundan çox qəzəbləndi. Onlar özlərinin adətən istifadə etdiyi alman istehsalçısının amortizatorlarından imtina etmək istəmirdilər”, - deyə pilot bildirib.

Van der Zande Ferstappenin bu xüsusiyyətinə görə atası Yos Ferstappenə bənzədiyini də vurğulayıb. Onun sözlərinə görə, Yos kartinq yarışında cüzi üstünlük verəcək detalın İtaliyanın cənubunda olduğunu eşitsəydi, həmin gecə avtomobillə yola düşüb onu gətirərdi.

Qeyd edək ki, Maks Ferstappen son aylarda GT və dözümlülük yarışlarına xüsusi maraq göstərir. O, Nürburqrinq 24 saat yarışında “Ferstappen Racing”in “Mercedes-AMG GT3” avtomobilini idarə edib. Komanda uzun müddət lider olsa da, sona üç saatdan bir qədər artıq vaxt qalmış texniki nasazlıq səbəbindən qələbə şansını itirib.

İdman.Biz