“Mersedes”in “Formula-1” pilotu Kimi Antonelli Monako Qran-prisində qələbə qazanaraq tarixi nəticəyə imza atıb.
İdman.Biz xəbər verir ki, 19 yaşlı italiyalı sürücü xaotik keçən yarışda finişə birinci çatıb və ardıcıl beşinci Qran-pri qələbəsini rəsmiləşdirib. Antonelli bununla Monakoda qalib gələn ən gənc pilot olub. O, 2008-ci ildə 23 yaşında bu yarışda qələbə qazanan Lyuis Hemiltonun rekordunu yeniləyib.
Yarışın son bölümündə tras örtüyündə yaranan problemə görə qırmızı bayraq qaldırılıb. Həmin anda Antonelli 20 saniyəlik üstünlüyə malik olsa da, dayanma bu fərqi aradan qaldırıb. Buna baxmayaraq, yenidən startdan sonra mövqeyini qoruyan “Mersedes” pilotu Lyuis Hemiltonu qabaqlayaraq qələbəni bayram edib.
Antonelli yarışdan sonra yenidən startın onu narahat etdiyini bildirib:
“Düzünü desəm, yenidən starta çox həvəsli deyildim. Həqiqətən də yarışın yenidən başlamasını istəmirdim. Amma bildiriş gələndən sonra fikirlərimi topladım və yenidən diqqətimi cəmlədim. Hər şey çox təbii alınırdı, bolid isə mənə hücum etmək üçün böyük inam verirdi”.
Bu qələbə Antonelliyə çempionat cədvəlində üstünlüyünü daha da artırmağa imkan verib. O, Lyuis Hemiltonu 66, komanda yoldaşı Corc Rasselli isə 68 xal qabaqlayır. Rassell Monakodakı yarışı uğursuz keçirib və pit-leyndə sürət həddini aşdığına görə cəza aldıqdan sonra 13-cü yeri tutub.
Qeyd edək ki, Antonelli Monako Qran-prisində qələbə ilə yanaşı, ən gənc qrand-şlem sahibi kimi də tarixə düşüb. “Ferrari” pilotu Lyuis Hemilton ikinci, “Red Bull”un sürücüsü İsak Hacar isə üçüncü olub.
