“Formula-1” üzrə “Mercedes” komandasının pilotu Kimi Antonelli Kanada Qran-prisində komanda yoldaşı Corc Rasselə qarşı revanş almağa əsas namizədlərdən sayılır.
İdman.Biz xəbər verir ki, “RacingNews”un yarış öncəsi keçirdiyi sorğuda azarkeşlərin 33,63 faizi Monrealda qələbəni məhz Antonellinin qazanacağını düşünür.
İtaliyalı pilot üçün bu qələbə xüsusi məna daşıya bilər. O, sprint yarışında Rassellə gərgin mübarizədən sonra qalibiyyəti əldən verib. Həmin epizoddan sonra “Mercedes” daxilində müzakirələr yaranıb, Toto Volf isə Antonellini sakitləşdirməyə çalışıb.
Əsas yarışa Rassel poul mövqeyindən başlayacaq. Antonelli isə komanda yoldaşının yanında, ikinci yerdən start götürəcək. “Mercedes” pilotlarının ilk cərgəni tutması Kanada Qran-prisində komanda daxilində mübarizəni daha da maraqlı edib.
Sorğuda Rasselin qələbəsinə inananların faizi 23,75 olub. Beşinci yerdən start götürəcək Lyuis Hemilton 14,43 faiz səslə üçüncü ən çox dəstək alan pilotdur. Maks
Ferstappen 10,6 faiz, Lando Norris isə 10,32 faiz səslə ilk beşlikdə yer alıb.
