Lando Norris “Formula-1” üçün kartinq resepti verdi

19 May 2026 18:13
127
Lando Norris “Formula-1” üçün kartinq resepti verdi

“Formula-1” üzrə son dünya çempionu Lando Norris yarışların daha maraqlı və təmiz mübarizə şəraitində keçməsi üçün öz təkliflərini açıqlayıb.

İdman.Biz xəbər verir ki, “Makklaren”in britaniyalı pilotu indiki yarış modelinin azarkeşlər və sürücülər üçün istənilən səviyyədə olmadığını düşünür. Onun fikrincə, “Formula-1” yenidən kartinq prinsiplərinə yaxınlaşmalıdır.

Norris 2026-cı il qaydalarını ən çox tənqid edən pilotlardan biri sayılır. Yeni reqlamentdə daxiliyanma mühərriki ilə 350 kilovatlıq batareyalar arasında güc bölgüsünün 50/50 nisbətində qurulması əsas müzakirə mövzularındandır. Bu qərarın “Audi”, “Honda”, “General Motors” və “Ford” kimi istehsalçıların “Formula-1”ə marağını artırmaq məqsədi daşıdığı bildirilir.

Britaniyalı sürücünün sözlərinə görə, yaxşı yarış bir pilotun batareyasının 100 faiz, digərinin isə sıfır səviyyəsində olması ilə yaranmamalıdır. O hesab edir ki, əsas məsələ bolidlərin bir-birini daha yaxından izləməsinə imkan yaratmaq, çəkini azaltmaq, təkərləri yaxşılaşdırmaq və aerodinamik asılılığı minimuma endirməkdir.

Norris kartinqi “ən təmiz yarış forması” adlandırıb. Onun fikrincə, kartinqdə “çirkli hava”, ciddi aerodinamik təsir və batareya hesabına süni üstünlük olmadığı üçün pilotlar bir-birinin arxasında daha sıx və daha real mübarizə apara bilirlər.

Norris prosesin sadə olmadığını da etiraf edib. Onun sözlərinə görə, “Formula-1” həm idman, həm də biznesdir və istehsalçıların maraqları nəzərə alınmalıdır. Buna baxmayaraq, o, FIA-nın yarışları yaxşılaşdırmaq istiqamətində gördüyü işi müsbət qiymətləndirib.

İdman.Biz