“Formula-1”də mühərrik mübahisəsi

29 Aprel 2026 08:52
188
“Formula-1”də mühərrik mübahisəsi

“Formula-1”də 2027-ci ildən etibarən yanacaq sərfi limitinin artırılması vasitəsilə daxili yanma mühərrikinin (DYM) güc balansını dəyişmək cəhdi uğursuzluqla nəticələnib.

İdman.Biz xəbər verir ki, mühərrik istehsalçıları arasında aparılan müzakirələrdə bu təklif lazımi dəstəyi qazanmayıb. Hazırda yeni reqlamentdə DYM və batareya arasındakı güc nisbəti təxminən 50/50 olaraq müəyyən edilib. Ekspertlərin enerji idarəetməsi problemlərini həll etmək üçün bu nisbətin ən azı 60/40 səviyyəsinə dəyişdirilməsi təklifi isə istehsalçıların səddinə rast gəlib.

FIA-nın texniki direktoru Yan Monşo "Auto Motor und Sport" nəşrinə açıqlamasında bildirib ki, bəzi istehsalçılar hazırkı qaydaların onlara rəqabət üstünlüyü verəcəyini düşünərək dəyişikliyə qarşı çıxıblar. Digər şirkətlər isə yeni mühərrik hazırlamaq üçün minimum 16 ay vaxt lazım olduğunu və 2027-ci ilin bu dəyişiklik üçün artıq gec olduğunu bildiriblər. Texniki baxımdan isə gücün artırılması detalların daha çox yüklənməsinə və əlavə soyutma sisteminə ehtiyac yaradır ki, mövcud layihələr buna hesablanmayıb.

FIA rəsmisi Nikolas Tombasis vurğulayıb ki, məsələni təhlükəsizlik arqumenti kimi təqdim edərək istehsalçıların razılığı olmadan tətbiq etmək hüquqi baxımdan mümkün deyil. Bolidlərin əsas konstruksiyası yay fasiləsinə qədər təsdiqlənməli olduğu üçün 2027-ci il mövsümündə heç bir yenilik olmayacaq. Düzəlişlərin ən tez 2028-ci ildə yenidən gündəmə gətirilə biləcəyi gözlənilir.

İdman.Biz