Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan "Formula-1" rəhbərliyinin Qran-prini yenidən İstanbula qaytarmaq qərarını şərh edib. Dövlət başçısı bu addımın ölkənin beynəlxalq idman arenasında artan nüfuzunun göstəricisi olduğunu vurğulayıb.
İdman.Biz xəbər verir ki, Ərdoğan "Formula-1" yarışlarının 2027-2031-ci illəri əhatə edən beş mövsüm ərzində ardıcıl olaraq İstanbulda keçiriləcəyinə ümid etdiyini bildirib. O, bu tərəfdaşlığın gələcək illərdə daha da möhkəmlənəcəyinə inandığını qeyd edib.
“Türkiyənin "Formula-1" təqviminə qayıtması ölkəmizin yüksək təşkilatçılıq potensialından, müasir idman və sağlamlıq infrastrukturunun mövcudluğundan xəbər verir. Bu, həm də son illərdə regionda sabitlik adası kimi rolunu daha da möhkəmləndirən ölkəmizə olan etimadın göstəricisidir. Təbii ki, mən bunu türk xalqının qonaqpərvərliyinə göstərilən inamın yeni işarəsi kimi görürəm”, - deyə president söyləyib.
Prezident Türkiyənin bu etimadı növbəti dəfə doğruldacağını və yarışları bütün sahələrdə ən yüksək səviyyədə keçirəcəyini əlavə edib.
Xatırladaq ki, İstanbul Park dövrəsi sonuncu dəfə 2020 və 2021-ci illərdə "Formula-1" yarışlarına ev sahibliyi etmişdi.
