Beynəlxalq Avtomobil Federasiyası (FIA) Mayami Qran-prisinin həftəsonu formatında mühüm dəyişiklik edildiyini açıqlayıb. Qurumun qərarına əsasən, Mayamidə keçiriləcək yeganə sərbəst yürüş sessiyasının (FP1) müddəti bir saatdan 90 dəqiqəyə qaldırılıb.
İdman.Biz xəbər verir ki, Floridadakı yarış sprinter həftəsonu formatında keçirildiyi üçün ikinci və üçüncü sərbəst yürüşlər nəzərdə tutulmayıb. 2026-cı il üçün yenilənmiş "Formula-1" reqlamentindəki texniki düzəlişlər və komandaların yeni qaydalara daha yaxşı uyğunlaşması məqsədilə sessiyanın vaxtı uzadılıb.
Maraqlı tərəflərlə məsləhətləşmələrdən sonra FIA sessiyanın yerli vaxtla saat 12:00-dan 13:30-a (Bakı vaxtı ilə 20:00 – 21:30) qədər davam edəcəyini bildirib. Sərbəst yürüşdən əvvəl planlaşdırılan digər bütün tras fəaliyyətləri də 30 dəqiqə önə çəkilib. Bu qərar son Qran-pridən sonra yaranan fasilə, yeni elan edilmiş texniki tənzimləmələr və sprinter formatının sınaq müddətini məhdudlaşdırması nəzərə alınaraq qəbul edilib.
