“Formula-1” üzrə son dünya çempionu, “McLaren” komandasının pilotu Lando Norris titulunu qorumaq şanslarının getdikcə azaldığını etiraf edib.
İdman.Biz “RacingNews”a istinadən xəbər verir ki, britaniyalı pilot mövsümün ilk altı mərhələsində üzləşdiyi ardıcıl texniki problemlərdən danışıb.
“McLaren” Çin Qran-prisində güc qurğusunun elektrik sistemində yaranan fərqli nasazlıqlar səbəbindən hər iki bolidlə starta çıxa bilməyib. Norris Kanada və Monako Qran-prilərində də güc qurğusunda yaranan problemlərə görə finişə çatmayıb.
Mayami sprintində qalib gələn və əsas yarışda ikinci yeri tutan 26 yaşlı sürücü altı mərhələdən sonra cəmi 58 xal toplayıb. Turnir cədvəlində altıncı pillədə qərarlaşan Norris lider Kimi Antonellidən 98 xal geri qalır.
“Düşünürəm ki, vəziyyətin öhdəsindən normal gəlirəm. Amma bu, əlbəttə, məni incidir. Hazırda qələbələr və podiumlar uğrunda mübarizə aparmadığımızı bilirəm. Mövsümün əvvəlində nikbin idim. Düşünürdüm ki, mövsüm uzundur və xal fərqini aradan qaldıraraq sonda titul uğrunda mübarizə apara bilərik”, - deyə Norris bildirib.
11 Qran-pri qalibi ardıcıl nasazlıqların bolidə uyğunlaşmasına və özünəinam qazanmasına mane olduğunu vurğulayıb:
“Problemlər davam etdikdə bolidə inam yarada və fərqli yenilikləri sınaqdan keçirə bilmirsən. Bütün bunlar titulun müdafiəsini hazırda, demək olar ki, mümkünsüz edir. Bu, təkcə məni deyil, bütün komandanı incidir. Heç kim yarışları yarımçıq başa vurmaq istəmir. Konstruktorlar və pilotlar çempionluğunu qorumaq üçün şans əldə etmək istəyirik, amma hazırkı vəziyyətdə bu, mümkünsüzdür. Çox çalışmalıyıq. Ağrılıdır, amma bəzən yarışlarda belə hallar olur”.
