“McLaren” 2026-cı il bolidindən gələn mövsüm üçün hazırlanacaq yeni layihəyə keçidin ötən illə müqayisədə daha asan olacağını düşünür.
İdman.Biz xəbər verir ki, komandanın rəhbəri Andrea Stella 2027-ci il bolidi üzərində işlə hazırkı MCL40-ın inkişafı arasında resurs bölgüsünün daha rahat aparıldığını bildirib.
Onun sözlərinə görə, əsas səbəb texniki reqlamentdəki dəyişikliklərin bu dəfə genişmiqyaslı olmamasıdır. 2026-cı il mövsümü ərəfəsində “Formula-1”də həm şassi, həm də güc qurğuları ilə bağlı qaydalar köklü şəkildə yenilənmişdi. Bu isə komandaları faktiki olaraq tamamilə yeni avtomobil hazırlamağa məcbur etmişdi.
“McLaren” ötən il eyni vaxtda həm 2025-ci il sürücülər çempionluğu uğrunda mübarizə aparmalı, həm də 2026-cı ilin yeni reqlamentinə hazırlaşmalı idi. Lando Norris sonda komandanı 2008-ci ildə Lyuis Hemiltonun qazandığı tituldan sonra ilk sürücülər çempionluğuna daşıyıb. “McLaren” bununla yanaşı Konstruktorlar Kubokunda da ardıcıl ikinci dəfə qalib olub.
Lakin titul uğrunda mübarizəyə böyük resurs ayrılması 2026-cı il üçün MCL40 layihəsinin hazırlıq prosesinə təsirsiz ötüşməyib və komanda mövsümün əvvəlindən bəzi istiqamətlərdə geridə qalan fərqi aradan qaldırmağa çalışıb.
Stella bildirib ki, 2027-ci ilə keçiddə vəziyyət fərqlidir:
“2025-ci ildə iki ekstremal tələb arasında balans yaratmalı idik. Bir tərəfdən dünya çempionluğunu qazanmaq üçün sona qədər mübarizə aparırdıq, digər tərəfdən isə demək olar ki, sıfırdan yeni avtomobil hazırlamalı idik. Bu il isə iki layihə arasındakı keçid daha yumşaqdır, çünki reqlament dəyişiklikləri nisbətən kiçikdir”.
“McLaren” rəhbərinin fikrincə, 2026-cı ildə MCL40 üzərində aparılan inkişaf işləri 2027-ci il avtomobilinin hazırlanmasında da faydalı olacaq.
Stella vurğulayıb ki, hazırkı nəsil “Formula-1” bolidləri həm şassi, həm də güc qurğuları baxımından hələ inkişafın ilkin mərhələsindədir. Buna görə də komandanın cari mövsümdə əldə etdiyi texniki məlumatların böyük hissəsi gələn il də öz əhəmiyyətini qoruyacaq.
Bununla belə, “McLaren” büdcə limiti, külək tunelində sınaq saatları, kompüter simulyasiyaları, həmçinin dizayn və istehsal resurslarının düzgün bölüşdürülməsini nəzərə almalı olacaq. Stella komandanın bütün bu istiqamətlər üzrə əlverişli mövqedə olduğunu düşünür.
