“Ferrari”də qalmaqal böyüyür: Hemiltonla Lekler arasında gərginlik

8 Noyabr 2026 12:33
26
“Ferrari”də qalmaqal böyüyür: Hemiltonla Lekler arasında gərginlik

“Formula-1” üzrə dünya çempionatında çıxış edən “Ferrari” komandasının pilotları Lyuis Hemilton və Şarl Lekler arasında münasibətlər gərginləşib.

İdman.Biz İspaniyanın “Marca” nəşrinə istinadən xəbər verir ki, komanda yoldaşları arasında Meksika Qran-prisində baş verən insident Braziliya yarışından əvvəl də gündəmdə qalır.

Meksikadakı yarışın ilk dövrəsində Lekler Hemiltonu ötməyə çalışarkən hər iki pilot trasdan kənara çıxıb. Nəticədə Maks Ferstappen britaniyalını geridə qoyub, Lekler isə trası kəsdiyinə görə beş saniyəlik cəza alıb.

Yeddiqat dünya çempionu Hemilton komanda yoldaşının ona qarşı digər rəqiblərlə müqayisədə daha sərt mübarizə apardığını iddia edib.

Britaniyalı pilot bildirib ki, Lekler əvvəllər də Sebastyan Fettel və Karlos Saynsla komanda yoldaşı olarkən oxşar davranış nümayiş etdirib.

Vəziyyətin gərginləşməsindən sonra “Ferrari”nin rəhbəri Frederik Vasser məsələyə müdaxilə edib. O, hər iki pilotla görüşərək komandadaxili qaydaların dəyişməyəcəyini açıqlayıb.

“Onlar bir-birinə hörmət etməlidirlər. Hər ikisi mübariz pilotdur, lakin hər şeydən əvvəl komandaya, brendə və zavodda çalışan insanlara hörmət göstərməlidirlər”, - deyə Vasser vurğulayıb.

Komanda rəhbəri Meksikadakı insident zamanı bolidlər arasında təmas olmadığını və hadisəyə verilən reaksiyanın həddindən artıq şişirdildiyini bildirib.

Vasserin sözlərinə görə, pilotların hər yarışda bir-birinə yaxın mövqelərdən start götürməsi aralarındakı rəqabəti daha da artırır.

Qeyd edək ki, “Ferrari” konstruktorlar çempionatında ikinci pillə uğrunda mübarizə aparır. Hemiltonla Lekler arasındakı qarşıdurma isə komandanın mövsümün son yarışlarında maksimum xal toplamaq hədəfinə mane ola bilər.

İdman.Biz