“Formula-1” üzrə dünya çempionatında “Ferrari” komandasının pilotu Şarl Lekler Meksika Qran-prisində Lyuis Hemiltonla yaşadığı mübahisəli insidentə aydınlıq gətirib.
İdman.Biz “GPblog” nəşrinə istinadən xəbər verir ki, monakolu sürücü yarışın ilk dövrəsində baş verən hadisədə hər iki pilotun səhvə yol verdiyini bildirib.
Leklerin sözlərinə görə, dördüncü döngədə həm özü, həm də Hemilton əyləci gec basdığı üçün trasın hüdudlarından kənara çıxıb:
“Heç birimiz döngəni düzgün keçə bilmədik. Mən trası kəsdim və beşinci döngədən sonra Maks Ferstappen aramıza daxil oldu. Bu da vəziyyəti daha da qarışdırdı. Komanda ilə danışdıqdan sonra mövqeyimi qorumaq qərarı verildi”.
Lekler hər iki sürücünün qələbə uğrunda mübarizə apardığını və belə vəziyyətlərdə səhv ehtimalının yüksək olduğunu vurğulayıb:
“Biz qələbə uğrunda mübarizə aparırdıq. Buna görə də hər ikimiz risk edirdik. Dördüncü döngədə ikimiz də səhvə yol verdik. Aramızda heç bir təmas olmadı. Sadəcə, hər ikimiz döngədən çıxdıq. Amma nəticədə mən cərimə aldım”.
Monakolu pilot Hemiltonun narazılığının birbaşa onun hərəkətlərindən deyil, hadisə ilə bağlı qəbul edilən qərarlardan qaynaqlandığını düşündüyünü bildirib:
“Onun mənim etdiyim hərəkətdən bu qədər narazı olduğuna əmin deyiləm. Düşünürəm ki, Lyuis daha çox vəziyyətin necə idarə olunmasına və verilən cəriməyə əsəbiləşib”.
Lekler həmçinin trasın təhlükəsizlik xüsusiyyətlərinin dəyişdirilməsinin gələcəkdə oxşar vəziyyətlərin qarşısını ala biləcəyini qeyd edib.
Bundan əvvəl Hemilton komanda yoldaşını fərdi uğuru kollektiv nəticələrdən üstün tutmaqda ittiham edib. Yeddiqat dünya çempionu Leklerin yanaşmasını “ya mən qalib gəlməliyəm, ya da heç birimiz” düşüncəsi kimi qiymətləndirib. Britaniyalı pilotun fikrincə, belə mübarizə “Ferrari”nin mümkün dubl qələbəsini əlindən alıb.
Qeyd edək ki, Meksika Qran-prisinin ilk dövrəsində yaşanan insidentə görə Lekler beş saniyəlik cərimə alıb. Hadisədən sonra Hemilton komanda daxilində ciddi müzakirələrin aparılmasını tələb edib.
