“Formula-1” üzrə Meksika Qran-prisinin təsnifat mərhələsinin nəticələrinə dəyişiklik edilib. “Visa Cash App RB” komandasının yeni zelandiyalı pilotu Liam Louson diskvalifikasiya olunub.
İdman.Biz “SportoweFakty” nəşrinə istinadən xəbər verir ki, buna onun bolidinin MGU-K sisteminin gücü ilə bağlı texniki tələblərə cavab verməməsi səbəb olub.
Təsnifat mərhələsində səkkizinci nəticəni göstərən Lousonun bolidi sessiya başa çatdıqdan dərhal sonra Beynəlxalq Avtomobil Federasiyasının (FIA) texniki nümayəndəsi tərəfindən yoxlamaya göndərilib.
Araşdırma zamanı müəyyən edilib ki, təsnifat mərhələsinin ikinci hissəsində ən sürətli dövrəsini tamamladıqdan sonra bolidin MGU-K sisteminin gücü reqlamentdə nəzərdə tutulan qaydada azalmayıb.
Hakimlər bunun texniki reqlamentin C5.12.6 və C5.12.7-ci maddələrinin pozulması olduğunu bildiriblər.
“Visa Cash App RB” nümayəndələri qayda pozuntusunun pilota heç bir idman üstünlüyü qazandırmadığını əsas gətirsələr də, hakimlər bu arqumenti qəbul etməyiblər. Onlar avtomobilin yarış ərzində bütün texniki tələblərə cavab verməli olduğunu vurğulayıblar.
Maraqlıdır ki, qayda pozuntusu barədə FIA-ya komandanın özü məlumat verib. Buna baxmayaraq, hakimlər əvvəlki oxşar qərarları əsas gətirərək diskvalifikasiya cəzasının tətbiqini zəruri hesab ediblər.
Louson daha əvvəl ikinci sərbəst yürüş zamanı Maks Ferstappenlə yaşadığı insidentə görə start mövqeyinin bir pillə geriyə keçirilməsi cəzası da alıb.
Diskvalifikasiyadan sonra yeni zelandiyalı pilotun Meksika Qran-prisində iştirak etməsi üçün hakimlərin xüsusi icazəsi tələb olunur. Belə hallarda qərar adətən sərbəst yürüşlərdə göstərilən nəticələr əsasında verilir.
Onun yarışa hansı mövqedən başlayacağı hələ dəqiqləşməyib. Diskvalifikasiya olunan pilotlar, bir qayda olaraq, start düzülüşünün sonundan mübarizəyə qoşulurlar.
Lakin komanda qapalı park qaydalarını pozaraq bolidin sazlamalarını dəyişdirsə və ya bəzi hissələrini əvəzləsə, Louson yarışa pit-leyndən başlamalı olacaq.
Hər iki halda komanda bolidin yarışa hazırlanmasında daha geniş imkanlar əldə edə bilər. “Visa Cash App RB” başlanğıc üçün istənilən təkər növünü seçə, həmçinin güc qurğusunun bəzi hissələrini əlavə start cəzası olmadan dəyişdirə bilər.
Qeyd edək ki, Meksikadakı “Hermanos Rodriqes” avtodromunda komandalar əvvəllər də oxşar strategiyalardan istifadə ediblər. Bu üsul, xüsusilə, sərt təkərlərlə ilk yarış hissəsini uzatmağa imkan verir.
